Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şuşanın bərpası və yenidən qurulması məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanıb.
Komitədən verilən məlumata görə, ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.
Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.
Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti “Atelier Erich Pummer GmbH”in rəhbəri Erix Pumer cəlb edilib.
Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir. Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılıb.
Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənib, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişləri əhəng-qum məhlulu ilə doldurulub.
“Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilib. Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüngül metal konstruksiya əsaslı və Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərti ilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş “Şuşa” yazısı tarixi yerində quraşdırılıb”, - komitədən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.