AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı ATƏT-ə niyə “yox” deyir? - TƏHLİL

  • + A
  • - A
  • 19-03-2021, 09:38

    Martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Qonaq prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşdü.

    Prezident qonaqla görüşdə 44 günlük müharibənin yekunları ilə bağlı qiymətləndirməsini bir daha təkrarlayaraq bildirdi ki, münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. O qeyd etdi ki, artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə start verilib:

    “Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”.

    ATƏT sədri isə deyib ki, əsas prioritet Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır:

    “Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür”.

    ATƏT sədri daha sonra İrəvanda olub, baş nazir Nikol Paşinyan və xarici işlər naziri naziri Ayvazyan ilə görüşdən sonra Qarabağdakı separatçıların “xarici işlər naziri” David Babayanla bir araya gəlib. Qondarma rejimin nümayəndəsi münaqişənin həlli məqsədilə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinin bərpa olunmasının vacibliyini vurğulayıb.

    ATƏT sədrinin regiona səfəri zamanı qaldırdığı məsələlər bu təşkilatın əvvəlki vasitəçilik missiyasını bərpa etmə niyyətini göstərir. Güman ki, Dağlıq Qarabağın gələcək statusu, köçkünlərin qaytarılması, humanitar missiya və sair detalların müzakirəsi və həlli məsələləri gündəmə gətiriləcək. Ermənistan ATƏT-in bu mövqeyi ilə razıdır. Bu görüşdən əvvəl də Paşinyan hökuməti Minsk Qrupu həmsədrlərini problemin həllində akitv iştiraka çağırmışdı. Separatçılar da İrəvanla eyni mövqedən çıxış edir.

    Burada Rusiyanın mövqeyinin nədən ibarət olduğu tam aydın deyil. Rusiya Minsk Qrupunun həmsədridir, amma 44 günlük müharibədən sonra regionda situasiyaya nəzarəti təkbaşına ələ ala bilib. Moskva əldə etdiyi bu üstünlüyü digər həmsdərlərlə bölüşmək istəmir. O, nə sülhməramlı kontingentin tərkibinin dəyişdirilməsində, nə də bu mərhələdə Dağlıq Qarabağa hansısa statusun verilməsində maraqlıdır. Rusiya prezidenti və xarici işlər naziri dəfələrlə ifadə ediblər ki, status gələcək liderlərin işidir. Kreml ən yaxşı halda humanitar məsələlərin həllində beynəlxalq təşkilatların, cümlədən BMT-nin və onun qurumlarının iştirakına razıdır. Elə 10 noyabr Bəyanatında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının prosesə cəlb olunacağı qeyd olunub. Amma bugünədək beynəlxaq missiya bölgədə fəaliyyətə başlamayıb.

    Azərbaycanın mövqeyinə gəldikdə, prezident ATƏT sədri ilə gorüsdə bir daha vurğuladı ki, munaqişə kecmisdə qalıb, biz bu barədə müzakirə aparmayacağıq. Yəni rəsmi Bakı Minsk Qrupunun yenidən fəallaşmasını və Dağlıq Qarabağın statusunu müzakirə etmək istəmir. Bu məsələdə Rusiya və Azərbaycanın mövqeyi üst-üstə düşür.

    Amma bir məsələ açıq qalır: Rusiya Azərbaycanın Laçında özünün dövlət sərhədinə nəzarət etməsinə imkan vermir. Sülhməramlıların nəzarət etdiyi bu hissədən Ermənistan və separatçılar istədiyi kimi yararlanır, hətta silah-sursat, hərbçilər daşıyır. Bundan başqa, Rusiya 10 noyabr Bəyanatında nəzərdə tutulan – Azərbaycanın maraqlarını əks etdirən maddələrin yerinə yetirilməsinə də tələsmir. Azərbaycanlı köçkünlərin geri qaytarılması, Qarabağ içərisindəki kommunikasiyaların açılması, erməni silahlı birləşmələrinin ərazidən çıxarılması baş tutmayıb. Belə bir şəraitdə Azərbaycanın Rusiyaya təzyiq mexanizmi yoxdur, Bakı ABŞ və Fransanın prosesə aktiv cəlb olunmasında da maraqlı görünmür. Bu paradoks necə izah oluna bilər?

    Təhlükəsizilik məsələləri üzrə ekspert İlham İsmayıl yaranmış vəziyyəti “Press Klub”a şərh edərkən xatırlatdı ki, dövlət başçısı həmsədrlərlə görüşəndə də problemin bitdiyini və 27 il ərzində heç bir məsələni həll edə bilməyən həmsədrlərlə bir daha Qarabağ məsələsini müzakirə etməyi məqsədəuyğun saymadığını söyləmişdi:

    “O görüşə Rusiyanın nümayəndəsi gəlməmişdi və bu, təsadüfi deyildi. Məlumdur ki, Qarabağ problemi bitməyib, amma Azərbaycan bir də bu məsələni Minsk Qrupu çərçivəsində müzakirə etmək istəmir. ABŞ-ın, Fransanın problemə yanaşmasında öz maraqları var. Bu dövlətlər problemi Rusiyanın monopoliyasından çıxarmaq və Qarabağ ermənilərinə yüksək status verilməsinin, hətta perspektivdə referendum keçirilməsinin tərəfdarıdır”.

    İ. İsmayıl hesab edir ki, burada vasitəçilərin əsas məqsədi Ermənistanı Rusiyanın təsirindən çıxarmaqdır:

    “Azərbaycan isə Qarabağ problemini bir dövlətlə – Rusiya ilə həll etmək niyyətindədir. Rusiya da bu formatla tam olmasa da, razıdır. Ona görə ki, Rusiya bu məsələni yalnız özünün çətiri altında saxlamaq istəyir, ümumiyyətlə isə problemin bitməsini arzulamır. Qarabağ problemi həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaq üçün bir vasitədir. Gürcüstandan sonra Rusiya Cənubi Qafqazda mövqelərini başqa bir qlobal gücə təhvil verməyi düşünmür”.

    Bəs, Azərbaycan novbəti mərhələdə nə etməlidir? Qərbi tamamilə inkar edirsə, Rusiya da regionda öz bildiyini edirsə, bizim bu yanasmamız nə dərəcədə doğrudur?

    İ. İsmayıl bildirir ki, Azərbaycan prosesi Rusiya ilə davam etdirdiyi üçün Moskva ilə münasibətlərində ehtiyatlı olmaqla yanaşı, 10 noyabr razılaşmasından irəli gələn müddəaların yerinə yetirilməsinə çalışmalıdır. Onun sözlərinə görə, Bakı Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxarılmasına, qaçqınların Dağlıq Qarabağda yerləşməsinə, yolların açılmasına nail olmalı, daha sonra Laçın dəhlizi istiqamətində dövlət sərhədinə sülhməramlılarla birlikdə nəzarət etməlidir:

    “Rusiya bu işlərə tezliklə razılıq verməyəcək və hiss olunur ki, rəsmi sənəddə öz əksini tapmayan, amma şifahi razılaşdırılan və hələ açıq qalan məsələlər var. Bu məsələlərin zaman məsafəsinin uzanması Azərbaycanın əleyhinə işləyəcək və artıq işləyir. Ona görə də problemin bu şəkildə konservləşdirilməsi bölgədə və ölkədə gərginliyin yaranmasına səbəb ola bilər”. //PRESSKLUB.AZ//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR