K.A. Timiryazev adına Rusiya Dövlət Aqrar Universiteti ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) arasında elmi əməkdaşlıq çərçivəsində “Meyvə və dekorativ bitkilərin zərərli orqanizmlərdən qorunması sahəsində təcrübə və inkişaf perspektivləri” mövzusunda birgə seminar keçirilib.
Seminarın əsas məqsədi meyvə və dekorativ bitkilərdə zərərverici orqanizmlərə qarşı mübarizənin müasir üsullarını nəzərdən keçirmək, bu sahədə beynəlxalq təcrübəni paylaşmaq və elmi əməkdaşlıq əlaqələrini daha da gücləndirmək olub.
Tədbirdə hər iki qurumun mütəxəssisləri, gənc tədqiqatçıları və tələbələri iştirak ediblər. Seminar zamanı bitki mühafizəsində bioloji və innovativ yanaşmalar, pestisidlərin səmərəli tətbiqi, entomofaunanın monitorinqi və inteqrir mübarizə sistemlərinin təkmilləşdirilməsi kimi aktual məsələlər müzakirə olunub.
Seminar çərçivəsində BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov “Azərbaycanda bitkilərin zərərli orqanizmlərdən mühafizəsində aktual məsələlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı ölkəmizdə bitki mühafizəsi sisteminin mövcud vəziyyəti, müasir mübarizə üsulları, bioloji və innovativ yanaşmalar, həmçinin bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları barədə geniş məlumat təqdim olunub.
Tərəflər gələcəkdə birgə elmi layihələrin icrası, ortaq elmi nəşrlərin hazırlanması və elmi mübadilənin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Seminar elmi fikir mübadiləsi, təcrübə paylaşımı və qarşılıqlı əməkdaşlıq baxımından səmərəli keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.