Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının sürücüdən rüşvət alması iddia edilib.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Yayımlanan videonu şərh edən şəxs polis əməkdaşının “KamAz” markalı yük avtomobilinin sürücüsündən rüşvət aldığını deyir.
Görüntüləri çəkən şəxslər videonu Şəmkir rayonu ərazisində yerləşən DYP postunda lentə alındıqlarını bildiriblər.
Ələsgərov Eşqin adlı sürücü isə bildirib ki, Daşkəsən rayonundan Qazax rayonuna yük aparan zaman Şəmkir rayonu ərazisində yerləşən DYP postunda saxlanılıb:
“Artıq yük apardığım üçün cərimə yazıblar. Heç bir pul verməmişəm”.
Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, yol polisinin sürücüdən rüşvət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Aparılan araşdırma nəticəsində polisin “KamAz” markalı yük avtomobilinin sürücüsündən pul alması faktı təsdiqini tapmayıb. Nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğuna görə posta dəvət olunub, onun barəsində inzibati protokol tərtib olunub. Sürücü inzibati məsuliyyətə cəlb edilib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.