Dövlət sərhədini pozmaq istəyən şəxsdə narkotik maddələr aşkarlandı - DSX
2021-cu ilin 4 aprel tarixində saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Bu barədə Azadmedia.az a DSX Mətbuat Mərkəzindən bildirilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçib.
Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilmiş və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.
Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.