Minneapolisdə etirazçılar komendant saatını pozub
Bazar ertsəsi ABŞ-ın Minnesota ştatında yüzlərlə insan gecə saatlarında polis idarəsinin önündə toplaşaraq bir kişinin polis tərəfindən öldürülməsinə etiraz ediblər.
Minneapolis şəhəri yaxınlığında yerləşən Bruklin Mərkəzi şəhərində polis axşam tətbiq olunan komendant saatı başladığı zaman izdihamı dağıtmaq üçün qaz kanistrlərindən və səs bombalarından istifadə edib.
Polis zabitləri nümayişçiləri polis idarəsindən uzaqlaşdırmağa çalışarkən onlarla etirazçılar arasında toqquşma baş verib.
Rəsmilər deyir ki, izdihamdan bəziləri zabitlərə əşya atıblar və təxminən 40 insan saxlanılıb.
Etirazlar çərşənbə axşamı səhər saatlarına yaxın dağılıb.
20 yaşlı afrikalı-amerikalı Dante Rayt adlı gənc bazar günü gündüz vaxtı polis tərəfindən güllələnərək öldürülüb.
Bruklin Mərkəz Polis İdarəsinin rəisi Tim Qannon bazar ertəsi deyib ki, o, polis zabitinin elektroşok aləti yerinə səhvən tapançadan istifadə etdiyinə inanır. Elektroşok insanların müqavimət göstərmədən təhlükəsiz şəkildə saxlanmasına imkan yaradan cihazdır.
Ştatın Cinayət Axtarış Bürosu güllələmə hadisəsi ilə bağlı təhqiqat aparır.
26 illik təcrübəyə sahib polis müvəqqəti işdən uzaqlaşdırılıb.
Bruklin Senterin meri Mayk Elliot polis zabitinin işdən çıxarılmalı olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.