Neftçala rayon Xolqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimov işdən çıxarılıb.
AzadMedia.az xəbər verir ki, bununla bağlı Moderator.az-a danışan Ə. Səlimovun sözlərinə görə, o, öz istəyi ilə bu vəzifədən uzaqlaşdırılıb: “Məni heç kim bələdiyyə sədri vəzifəsindən çıxarmayıb. Özüm iki aydır ki, bununla bağlı xahiş edirdim. İki dəfə iclas çağırmışam ki, bələdiyyə üzvləri məni çıxarmaq istəmirdi. Axırda sədr vəzifəsindən çıxmaq üçün çox xahiş etdim.
Qaldı ki, örüş sahəsinə biz baxmırıq ki, buna görə də sakinlərlə problemimiz olsun. 1996-cı ildə islahat gedəndə iki kolxoz, iki kənd var bir ərazi nümayəndəliyi var idi. İslahat gedən dövrdə gərək torpaqlardan azaldıb örüş yeri saxlayaydılar. Amma çox təəssüflər olsun ki, örüş yeri saxlamayıblar".
O deyib ki, bələdiyyədə 38 hektar örüş yeri var, onun 25 hektarı Neftçala su kanalının ərazisinə düşür: Üç hektar yarım şəhid ailəsinə verilib və qalanı da qalıb. Mən 47 ildir ki, bu kənddə işləyirəm. Bu kəndi yaratmışam, tikmişəm. İki məktəb, iki məscid və xəstəxana tikdirmişəm. Yol, bağ, park saldırmışam. Cənab prezident buna görə mənə iki medal verib.
Bəzilərinin əlindən iş gəlməyəndə sözə keçirlər. Dünən iclas çağırdım xahiş etdim ki, səhhətim əl vermir, əsəblərim korlanıb. Yerimi 25 yaşlı ali təhsilli bir gəncimizə vermişəm”.
Neftçalanın bələdiyyə üzvü Vəfa Nağı “Amerikanın Səsi”nə bildirib ki, Əlibala Səlimovun yerinə artıq Elnur Səfərov adlı şəxs yeni bələdiyyə sədri seçilib.
Xatırladaq ki, kənd sakinləri və V. Nağı keçmiş bələdiyyə sədrinin otlaq sahələrini qanunsuz olaraq icarəyə verdiyini, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində təklif etdiyini iddia edirdi.
Bundan əlavə, ötən il V. Nağı şəxsi şəkillərinin kəndin müxtəlif yerlərinə vurulduğunu deyərək bu məsələdə də ovaxtki bələdiyyə sədri Əlibala Səlimovu ittiham etmişdi. O bildirmişdi ki, Əlibala Səlimovun ona qarşı bu davranışının səbəbi bələdiyyə iclasında çıxış etmək istəməsi və Ə.Səlimovun əməlləri barədə sosial şəbəkələrdə məlumat yaymasıdır.