“Nex24.news” portalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının müəllifliyi ilə “Azərbaycan: Ermənistanın “yoxa çıxmış kilsə” ilə bağlı ittihamları qəbuledilməzdir” başlıqlı məqalə dərc olunub.
Müəllif məqalədə Azərbaycanın dini azlıqların hüquqlarına hörmətlə yanaşmasına və onların dini abidələrini qorumasına, habelə bu sahədə mövcud beynəlxalq hüquqi öhdəliklərə riayət etməsinə baxmayaraq, Ermənistan və havadarları tərəfindən saxta məlumatlar tirajlanmaqla ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdirilməsindən yazır.
Qeyd olunur ki, “BBC News” bu il martın 25-də Azərbaycanın Cəbrayıl şəhərində "Erməni kilsəsinin yoxa çıxması” mövzusunda xəbər yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də UNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı “mədəniyyət cinayətinin” törədilməsi barədə iddiaları qəbuledilməzdir. Cəbrayıl rayonunda kilsənin “yoxa çıxması” ilə bağlı iddiaya münaqişə kontekstində yanaşılaraq nəticə çıxarılmalıdır. İddianın saxta olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə çatdırır ki, sözügedən “ibadətgah” Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın suveren ərazisini işğal altında saxladığı dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus abidələrin dağıntıları üzərində, qeyri-qanuni olaraq tikilib. Hətta o vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri də Cəbrayıldakı “ibadətgah”ın hərbi birləşmənin bir hissəsi kimi erməni əsgərləri üçün inşa edildiyini bildirib və Azərbaycan buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan heç bir vəchlə 5 il əvvəl işğalçı tərəfindən şəxsi məqsədlər üçün qanunsuz inşa edilmiş bir tikili tarixi-mədəni abidə hesab oluna bilməz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.