Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında oldular. Əslində, bu səfər işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlərin ən incə detalına qədər həyata keçirildiyini göstərdi. Bu rayonlarda yaxın gələcəkdə həyatın canlanması üçün bir sıra mühüm təməllər qoyuldu. Təsadüfi deyil ki, bu torpaqlarda, xüsusən də qonşu İran və Ermənistanla sərhəd xəttində hərbi hissələrin tikilməsi və istifadəyə verilməsi ilk infrastruktur tədbirləri oldu. Çünki, digər bütün işlərin görülməsindən öncə təhlükəsizlik və dövlət sərhədlərinin etibarlı mühafizəsi çox önəmlidir. Artıq Azərbaycan sərhədçiləri işğaldan azad olunmuş ərazilərdə sərhədlərə tam nəzarət edir.
Bu baxımdan, Cəbrayıl və Zəngilan rayonlarına səfər çərçivəsində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etmələri heç də təsadüfi deyildi. Orada dövlət başçısına raport verildi ki, Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir. Dövlətimizin başçısına məlumat verildi ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu.
“Ağıllı kənd” layihəsinin icrası tezliklə yekunlaşacaq
Daha sonra Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” pilot layihəsinin icrası ilə tanış olan Prezident İlham Əliyev burada xarici şirkətlərin nümayəndələri ilə onlayn qadada dialoq apardı. Görülən və görüləcək işlərlə bağlı birbaşa şirkət nümayəndələri ilə söhbət apardı. Bu söhbətlər zamanı Azərbaycan Prezidenti bir sıra dostluq mesajları verdi. Xüsusən də, Türkiyə ilə bağlı bunları söylədi: “Mən çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz”.
Dövlət başçısı orada, həmçinin “Huayvei-Azərbaycan” şirkətinin baş meneceri, İsrail və İtaliya şirkətlərinin menecerləri ilə söhbətləşdi. Hər birində əminliklə ifadə olundu ki, çox tez bir zamanda “Ağıllı kənd” layihəsinin icrası yekunlaşacaq.
Zəngəzur dəhlizi qədər ciddi əhəmiyyət kəsb edən layihə
Qarabağa büdəfəki səfər çərçivəsində Prezident İlham Əliyev Zəngilan Hava Limanının da təməlini qoydu. Bu infrastruktur layihəsi Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi perspektivini olduqca yüksəldəcək. Xüsusən də Füzuli, Zəngilan və Laçın rayonunda inşa ediləcək sayca üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını, Zəngilan da daxil olmaq şərtilə əhatə edəcək. Ona görə də regionda nəqliyyat kommunikasiyalarının formalaşdırılmasında bu layihənin Zəngəzur dəhlizi qədər ciddi əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.
Strateji əhəmiyyətli Zəngilan-Horadiz avtomobil yolunun inşasına başlanıldı
Bilirsiniz ki, hazırda işğaldan azad olunan ərazilərdə yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Aprelin 26-da dövlət başçısının iştirakı ilə Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması da məhz bu amala xidmət edir. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan, Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Strateji əhəmiyyətli bu yol Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan MR-lə, Şərqi və Qərbi Zəngəzuru isə dəmir və avtomobil yolu vasitəsilə birləşdirəcək.
Zəngilan - cənnət kimi bir yer
Dövlət başçısının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində diqqət çəkən məqamlardan biri də Zəngilanın gözəl təbiəti idi. Prezident İlham Əliyev bu gözəlliyi belə təsvir etdi: “Zəngilan rayonunun təbiəti çox gözəldir. Yaşıl dağlar, meşələr, çaylar. Cənnət kimi bir yerdir. Zəngilanı biz cənnətə çevirəcəyik. Adam baxdıqca baxmaq istəyir. Hər tərəf yaşıllıq. Gözəl təbiət. Baxın, gözəl çay... Zəngilanın gözəl təbiətinin bir hissəsi. Bəsitçay və qədim çinar ağacı. Gözəl Azərbaycanın gözəl təbiəti. Bu torpaqları biz qaytarmışıq, düşmənin əlindən almışıq. Bundan sonra Azərbaycan xalqı əbədi bu torpaqlarda yaşayacaq. Qarabağ Azərbaycandır!”.
Burada olarkan dövlət başçısı xüsusi tapşırıq verdi ki, şəhərlər, kəndlər bərpa olunarkən bu təbiətə toxunulmasın. “Çox ciddi nəzarət olmalıdır ki, bizim təbiətimizə ziyan vurulmasın. Baxmayaraq ki, ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər. Kəsib aparıb satdılar. Amma biz bütün meşələri bərpa edəcəyik” – deyə, Prezident İlham Əliyev vurğuladı.
Prezident İlham Əliyev Zəngilanda erməni vandalları tərəfindən dağıdılan Zəngilan məscidinin də təməlini qoydu. Məlumdur ki, erməni işğalçıları Zəngilan məscidi də daxil olmaqla, işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıdıb, təhqir ediblər. Məscidlərə olan bu münasibət birbaşa İslam dininə qarşı cinayətdir. Əlbəttə, Azərbaycan dağıdılan, məhv edilən bütün tarixi, dini və mədəni abidələrini bərpa edəcək, lakin cinayət cinayətdir. Üzərindən on illər də keçsə, sonunda cinayətkar məsuliyyətə cəlb ediləcək. Ermənistan üçün də o gün uzaqda deyil...
Qarabağda yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. Ən əsası, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir.