Xəbər verdiyimiz kimi Dövlət Yol Polisi İdarəsi may ayının 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyada keçidlərindən istifadənin əhəmiyyətini bir daha vurğulamaq üçün sosial videoçarx hazırlayıb.
Videoda gənc qız əvvəlcə yolu keçmək üçün piyada keçidindən istifadə edir. Amma geri qayıdan zaman həm başı telefona qarışır, həm də yolu təyin olunmamış yerdən keçir. Nəticədə isə avtomobil onu vurur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür sosial çarxlar piyadavurmaların sayının azaldılmasına hesablanıb. "Təəssüf ki, piyadavurmalarla nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxdur. Bu isə yol polisini ciddi şəkildə narahat edir. Biz mütamadi olaraq piyadalar arasında maarifləndirmə işləri aparırıq. Bu cür sosial çarxlarla çalışırıq ki, insanlar ən azından təsirlənib mənfi nəticə verəcək addımlar atmasınlar."
Bölmə rəisi onu da əlavə edib ki, maarifləndirmə işləri kompleks şəkildə həyata keçirilməlidir. "Burada təkcə yol polisi deyil, ictimai təşkilatlar, mətbuat, o cümlədən sosial şəbəkə istifadəçiləri aktivlik nümayiş etdirməlidir. Yəqin ki, hər bir xəbərdarlıq ən azından bir insanın həyatını xilas edər. Bu isə bizim üçün böyük göstəricidir."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.