AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülhməramlılar olan-qalan etimadlarını da itirməkdə israrlıdır - NƏ BAŞ VERİR?

  • + A
  • - A
  • 5-05-2021, 08:28


    Xəbər yayıldığı kimi, artıq Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə Günü paradına hazırlıq məşqləri başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

    Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir. Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənilir.

    Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzunu AYNA-ya şərh edərkən, Rusiya sülhməramlılarının bu cəhdini Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qəsd kimi dəyərlənidirib: “Rusiya sülhməramlı qüvvələrinin Xankəndidə 9 May münasibətilə parad keçirməyə hazırlaşması Rusiya sülhməramlılarının, Rusiya dövlətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qəsdidir. Sovet İttifaqının Hitler Almaniyası ilə müharibəsində Azərbaycan xalqı da fəal iştirak edib. Bu müharibədə 600 min nəfər azərbaycanlı iştirak edib, çoxsaylı insanlarımız həlak olub. Hesab edirəm ki, sözügedən hərbi paradın keçirilməsi qələbənin qazanılmasında rolu olan, döyüşdə ölənlərin ruhuna təhqir, indi yaşayanların hüquqlarının pozulmasıdır”.

    Həmsöhbətimiz xatırladıb ki, Rusiya sülhməramlılarının missiyası Xankəndidə parad keçirmək deyil: “Hansı sülhməramlı contingent olduğu ölkədə gedib parad keçirdir? 9 May münasibətilə bir tədbir keçirmək istəyirlərsə, orada mobil qərargahlarında, müəyyən bir qisim hərbçiləri toplaşıb keçirsinlər. Amma Azərbaycanın narahatlığından da bəlli olur ki, parad keçirilməsi rəsmi səviyyədə razılaşdırılmayıb. 400 nəfər hərbçinin bu paradda keçidinin təşkil olunması biabırçılıqdır”.

    “Əgər orada Araik Arutunyan və digər separatçılar, terrorçular, onların hansı təmsilçiləri iştirak edəcəksə, o separatçı qurumun əski parçası olan bayraq adlandırdıqları o parça da orada dalğalanacaqsa, bu, Azərbaycan dövlətinin suverenliyinə qəsddən başqa bir şey deyil. Mən hesab edirəm ki, Ermənistandakı ermənilərin yüksək rütbəli vəzifəli şəxslərin – nazir, deputatın Azərbaycanın icazəsi olmadan Xandəndiyə gedib-gəlməsinin təmin olunması, separatçıların yürüş keçirməsi, rus dilini dövlət dili etmə cəhdlərindən sonra parad keçirilməsi məsələsi Rusiya sülhməramlılarının nəzərdə tutulan sülhməramlı məsuliyyətinə, vəzifəsinə, hüquqlarına aid olan məsələlərdən daha çoxuna əl atmasıdır. Onlara aidiyyəti olmayan bir işlə məşğul olmalarıdır”, - deyə Göyüşlü fikrini davam etdirib.

    Politoloqun fikrincə, parad keçirilməsi Rusiya dövlətinə, rus sülhməramlılarına olan-qalan etimadın da azalmasına səbəb olacaq: “Əgər Rusiya ordusu parad keçirmək istəyirsə, bunu Bakıda Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə edə bilər. Biz şahidi olmuşuq ki, Rusiya Moskvada dövlət səviyyəsində parad təşkil edib və keçmiş müttəfiq respublikalardan, xarici ölkələrdən dövlət rəsmiləri dəvət olunub və onların da hərbçilərinin, o cümlədən Azərbaycanın Silahlı Qüvvələrinin orada iştirakı olub. Yəni biz bunların hamısını müşahidə etmişik”.

    “Amma hazırkı situasiyada - münasibətlərin kövrək olduğu, etimad mühitinin bərpa olunmadığı, müharibənin yenicə bitdiyi, Xankəndidə Azərbaycan qanunlarının hələ tam işləmədiyi, azərbaycanlıların hələ ora qayıtmadığı məqamda, belə bir parad keçirilməsi Rusiya dövlətinə, rus sülhməramlılarına olan-qalan etimadın da get-gedə azalmasına, aradan çıxamsına səbəb olacaq”, - deyə ekspert vurğulayıb.

    Müsahibimiz hesab edir ki, bunun qarşısını almaq üçün Azərbaycan rəsmi qaydada da, ictimai formada da öz etirazlarını çatdırmalı, mövqeyini bildirməlidir: “Yoxsa bu gedişatla Rusiya sülhməramlıları bu gün bu paradı təşkil edir, sabah başqa bir fikirə düşəcəklər və beləliklə də qıcıqlandırıcı gərginliyi artıran məqamlar davam edəcək. Halbuki Rusiya sülhməramlıları burada etimadı bərpa etmək üçün idilər - kövrək sülhü qorumaq, barışığı saxlamaq üçün”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR