AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xülya və boş iddialarla yaşayanlar 44 gündə Azərbaycan hilalının gücünü gördülər..."

  • + A
  • - A
  • 7-05-2021, 18:43


    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    ONLAR HƏYASIZLIĞA TƏŞVİQ OLUNURLAR

    Son günlər cəmiyyətimizin ictimai-siyasi həyatında təmsil olunan ayrı-ayrı qurumlar,vətəndaş cəmiyyətinin nümayəndələri İrəvanda və Xocavənddə nasistlərin əlbuyruqçusu Njdeyə ucaldılmış heykəllərin sökülməsini tələb edirlər.9 may ərəfəsində müraciətin yönəldiyi əsas ünvanlardan biri Rusiya, onun rəsmi təmsilçiləridir.Bu da təsadüfi deyil.Çünki 2-ci Dünya müharibəsində faşist ideologiyasından ən çox əziyyət çəkən və ona qarşı həlledici mübarizənin önündə məhz Sovet İttifaqı,onun indiki hüquqi varisi Rusiya olmuşdu. Təpədən-dırnağa nasistlərə,onların amansız cinayətlərinə bağlı olan Qaregin Njdenin heykəlinin sökülməsi ilə bağlı cəmiyyətimizdən gələn tələb tarixi ədalətə və beynəlxalq hüquqa söykənir.Təkcə ölkəmizin deyil,həm də Rusiyadan tutmuş ABŞ-a qədər faşizmə qarşı mübarizədə milyonlarla itki vermiş dövlətlərin,bütövlükdə sivil dünyanın ortaq marağından irəli gəlir.Lakin, əslində, dünyanı hiddətləndirməli və adekvat münasibətinə səbəb olmalı olan rəzalət təkcə heykəl məsələsi ilə məhdudlaşmamalıdır. Ən böyük rəzalət odur ki, faşizmi rəsmi dövlət siyasətinə çevirən Ermənistan həmin ideologiyanı sivil dünyanın gözü qarşısında açıq-aşkar təbliğ etməkdən çəkinmir.Bir dövlətin ki,hərbi doktrinası “yeni ərazilər uğrunda yeni müharibə” prinsipinə əsaslanır,cəmiyyəti ”dənizdən-dənizə” xülyası ilə yaşadılır və zehniyyəti nasist ideologiyası əsasında zəhərlənir,belə bir dövlət ciddi beynəlxalq müqavimət və qınaqla üzləşmədikcə,heç şübhəsiz,daha da azğınlaşacaq. Məsələn,Ermənistan cəmiyyəti görür ki,106 ildən sonra ABŞ kimi nüfuzlu bir dövlətin prezidenti uydurma “erməni soyqırımı”nı tanımaqla ona siyasi dəstəyini ifadə edir,digər həmsədr ölkənin-Rusiyanın rəsmi nünayəndələri İrəvandakı qondarma “soyqırım abidəsini” ziyarət edir,üçüncü həmsədr-Fransa bu uydurma “soyqırımı” tanımayanlara cinayət məsuliyyəti nəzərdə tutur,təbii ki,belə bir dövlət daha da azğınlaşmalı, cəmiyyəti isə məhz ədalətsizliyin zəfər çalacağına inanmağa başlamalıdır.Çünki təkcə içəridən deyil,həm də kənardan, qəsdən və ya bilməyərəkdən buna təşviq olunur.Ermənistan cəmiyyəti onu da görür ki,qardaş Türkiyə öz arxivlərinin və orada saxlanılan milyonlarla tarixi sənədin,həmin dövrdə yaşamış və hadisələrə canlı şahidlik etmiş fərqli millət mənsublarına aid gerçək xatirələrin hər kəsə açıq olduğunu bəyan etdiyi halda, nüfuzlu dövlətlərin rəsmiləri bu xoş niyyəti görməməzlikdən gəlib haqsızlığa və ayrı-seçkiliyə yol verirlər.Ermənistan cəmiyyətində onu da görürlər ki,öz rəsmiləri müxtəlif platformalarda Xocalı soyqırımını törətdiklərini etiraf etsələr də, bir əsrlik erməni xülyasına bəraət qazandırıldığı halda,həqiqi Xocalı soyqırımı hadisəsi eyni ünvanlar tərəfindən dilə gətirilmir.Son 30 ildə erməni toplumu həm də ona inandırıldı ki,danışıqlar prosesində sərgilədikləri imitasiya oyunları ,hətta BMT qətnamələrini icra etməmələri də cəzasız qala bilər.Çünki gördülər ki,həmsədrlərdən heç kim buna görə onları nəinki cəzalandırmadı,ictimai şəkildə heç qınamadı da...

    Elə bütün bunların və üç nöqtədə yer almalı olan acı həqiqətlərin nəticəsidir ki, Ermənistanın xarici işlər naziri Ayvazyan Rusiyalı həmkarı ilə birgə keçirdiyi mətbut konfransında növbəti dəfə həyasızlıq edir,yenidən “Artsax”, “status”, “hərbi əsirlər”in qaytarılması, Türkiyə-Azərbaycan “aqressiyası” ifadələrini işlətməyə cəsarət edir, ölkəmizin “vandallığından”, erməni tarixi və dini abidələrinin dağıdılmasından bəhs edən nağıllar danışır. Baxmayaraq ki, xarici qonaq və jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamı, viran qoyduqları Qarabağda ermənilərin təhqir edib dağıtdıqları 60-dan çox məscidimizin və tarixi-mədəni abidələrimizin qalıqlarını indi bütün dünya görür. Ayvazyanın və Ermənistanda olan onun kimilərinin həyasızlığı təkcə ondan irəli gəlmir ki, xislətlərinin mahiyyəti budur,mayaları yalan və tarixi saxtakarlıq üzərində yoğrulub.Bundan qat-qat vacib olan səbəb odur ki,kənardan həyasızlığa təşviq olunurlar və buna görə cəzasız qalacaqlarına inandırılıblar. Əgər belə olmasaydı,10 noyabr üçtərəfli Birgə Bəyanatdan sonra Qarabağda yaxalanan erməni diversant-terror qruplaşmasının üç üzvünün həbsdən buraxılması ətrafında ABŞ-dan tutmuş Rusiyaya qədər “toy-bayram” edilməzdi. Fransanın ermənipərəst mövqeyi isə əzəldən bəllidir. Elə bu səbəbdən, Ayvazyan kimiləri yenidən Minsk qrupu həmsədrlik institutunun reanimasiyası yolunda canfəşanlıq edirlər.İşğal dövründə Qarabağda hansısa tarixi abidəmizin hansısa daşının üstünə çəkdikləri xaç işarəsini dünyaya göstərib, həyasızcasına iddia edirlər ki, guya bu, ermənilərin “tarixi yadigarıdır”...

    Bu yerdə Bosniya və Herseqovinanın ilk prezidenti, atası bosniyalı,anası türk olan mərhum Aliya İzzetbeqoviçin müdrik bir kəlamını xatırlamaya bilmirsən: ”İstədiyiniz qədər dağlara xaç qoyun. Səmaya hər dəfə baxdığınızda ay və ulduzu görəcəksiniz”.Göy üzündə yer alan hilal nişanəsi nə qədər təbii və əbədidirsə, yer üzərindəki ay və ulduzlar da o dərəcədə müqəddəs və əbədidirlər. Bizlərdə bir atalar məsəli də var: ”İlan ulduz görməsə, ölməz”.

    Ermənistanda həyasızlıq edənlər, hələ də xülya və boş iddialarla yaşayanlar 44 gün ərzində Azərbaycan hilalının gücünü gördülər.Əgər ağıllarını başlarına yığmasalar, revanş niyyətindən əl çəkib dinc birgəyaşayış yolunu seçməsələr və 10 noyabr Bəyanatının şərtlərinə əməl etməsələr, ay və ulduzun gücü altında sonuncu dəfə əzilməyə məhkum olacaqlar.Bunu istəmirlərsə,Prezident İlham Əliyevin xəbərdarlığını qulaqlarına əbədi sırğa etməlidirlər: ”Onlara,bax,buradan xəbərdarlıq etmək istəyirəm ki,bu çirkin əməllərdən əl çəksinlər,yoxsa onların axırı pis olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR