Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli ilə bağlı mayın 13-də başlayan danışıqlar bu gün Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun iştirakı ilə davam edir.
AzadMedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Qoris icma rəhbərinin müavini Menua Hovsepyan məlumat verib.
Onun sözlərinə görə, Ermənistan tərəfdən danışıqlarda Silahlı Qüvvələrin Baş Qərargahının və ilk ordu korpusunun nümayəndələri iştirak edirlər.
“Danışıqlar təyin olunmuş vaxtda davam etdirildi. Rusiya tərəfdən görüşlərdə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov iştirak edir”,- deyə Hovsepyan vurğulayıb.
Menua Hovsepyan sərhəddə vəziyyətin dəyişməz olaraq qaldığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan XİN bu gün daha bir açıqlama yayaraq Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycanın özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini, bu prosesin Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.