Politoloq Ülkər Piriyeva Azadmedia.az-a verdiyi açıqlamasında - "Bu gün, Ermənistan sərhəd rejiminin reallığını artıq qəbul etməlidir", deyə bildirib..
Hər kəsə məlumdur ki, Azərbaycan dövləti öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi üçün tədbirlər görür və bu fəaliyyətləri xəritələrdən istifadə etməklə həyata keçirir.
Vətəndaş olaraq İrəvan rəhbərliyinə - rəsmilərinə bölgədəki vəziyyəti əsassız gərginləşdirməməyi tövsiyə edirik. Əslində, belə hallar hər iki tərəfin hərbi rəsmiləri arasındakı qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir də.
Ancaq Ermənistan Baş naziri elə mayın 14-də sərhəd mübahisəsi səbəbi ilə Azərbaycanla aparılan danışıqların uğursuz olduğunu açıqladı və Rusiya lideri Putindən hərbi dəstək də daxil olmaqla yardım istədi. O eyni zamanda, iki ölkə arasında olan göl ilə bağlı Azərbaycan və Ermənistan arasındakı gərginlikdən sonra aparılan danışıqlarda razılığın əldə olunmadığını bildirdi. Bununla yanaşı, Paşinyan Azərbaycan tərəfinin söz verdiyi kimi hərbi qüvvələrini bölgədən tam çıxartmadığını dilə gətirdi. Qısacası, Paşinyan Azərbaycanı hərbi qarşıdurmaya təhrik etməkdə günahlandırdı. Elə bundan həmən sonra Kremlin sözcüsü Peskovun görüşlə bağlı verdiyi açıqlamada, sərhəddəki vəziyyətlə bağlı Ermənistan tərəfinin həddindən artıq narahatlığını dilə gətirdi. Rusiya Prezidentinin də bu narahatlığı paylaşdığını bildirdi. Ancaq Rəsmi Kreml açıqlamasında Ermənistanın hərbi dəstək tələbindən heç bəhs etmədi.
Ermənistanın Baş naziri Paşinyan məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək qərarına gəldi.
Hansı ki, bu təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusiya daxildir. Bununla bərabər, qeyd olunan ölkələrin üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi ittifaqının 2-ci maddəsinə görə, üzv bir dövlətin ərazi bütövlüyünə təhdid əslində, bütün üzv dövlətlərə hücum kimi qəbul edilməkdədir.
Belə ki, Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin Xarici İşlər Nazirləri görüşü 19 may 2021-ci ildə tarixində baş tutdu.
Elə müzakirə olunan məsələlərdən biri də son zamanlar şahidi olduğumuz Azərbaycan-Ermənistan arasındakı gərginlik idi.
Mayın 12-də başlayan gərginlikdən sonra İrəvan rəhbərliyi mayın 14-də KTMT–na müraciət edərək bölgədəki problemin həll olunmasını tələb etdi. Rusiya Xarici İşlər Naziri Lavrov KTMT Xarici İşlər Nazirlərinin sərhəd bölgəsindəki vəziyyətlə əlaqədar Ermənistanın tələbini müzakirə etdiklərini söylədi. Bundan əlavə, Lavrov, Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sərhəd problemlərində vasitəçi ola biləcəyini vurğuladı. O, Rusiyanın bu məqsədlə ortaq Azərbaycan-Ermənistan komissiyası yaratmağa kömək edəcəyini də bildirdi.
Ümumilikdə, erməni tərəfi 27 sentyabrda başlayan müharibədən bəri KTMT-ni Azərbaycana qarşı tez-tez istifadə etməyə çalışsa da, onların bu cəhdi heç də uğurlu alınmayıb. Son hadisələrə görə yenidən bu tələbə qapılan xəyalpərəst erməni tərəfi KTMT-yə müraciət etdi, lakin bu danışıqlardan Azərbaycana qarşı qərar gözlənilmir. Çünki Azərbaycan tərəfi 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşması çərçivəsində hərəkət edir və Ermənistan tərəfi barışmaz münasibət nümayiş etdirərək çətinliklər yaradır. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan həm Rusiya Federasiyası, həm də KTMT-yə üzv dövlətlərlə yaxşı siyasi münasibətlər qurmağı bacardı. Bu siyasət nəticəsində erməni tərəfinin təxribat fəaliyyətinin qarşısını alır.
Elə çox keçmədən, Azərbaycan Prezidenti Cənab ilham Əliyevin verdiyi açıqlamada Vladimir Putinlə telefon danışığı olduğu, dövlət başçılarının Azərbaycan və Ermənistan arasındakı sərhəd məsələlərini müzakirə etdiyini bildirdi.
İki ölkə başçısı arasındakı görüşdə, 10 Noyabr 2020 və 11 Yanvar 2021 tarixlərində imzalanmış üçtərəfli bəyannamədə göstərilən şərtlərin yerinə yetirilməsi üçün atılacaq addımlar və bölgədəki münaqişədən sonrakı vəziyyət müzakirə edilib.
Prezident İlham Əliyev və Prezident Vladimir Putinin Azərbaycan-Ermənistan sərhədindəki son hadisələrə toxunduqlarını bildirən açıqlamada, problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməli olduğunun vurğulandığı bildirildi.
Bundan əlavə, görüş zamanı Putinin Rusiyanın Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədini müəyyənləşdirməyə yönəlmiş işləri rəvan həyata keçirtmək üçün dəstəyinin davam edəcəyini qeyd etdiyi bildirildi.
Qeyd edək ki, 12 may tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Bir reallıq var! Qarabağ Azərbaycandır!
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistanı həm hərbi, həm də diplomatik müstəvidə məğlub etdi, biz Ali Baş Komandanımızın rəhbərliyi, güclü siyasi iradəsi, diplomatiyası və Müzəffər Ordumuzun sayəsində tarixi bir Zəfər qazandıq.
Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı bir dövlət olduğunu tam şəkildə sübuta yetirdik, bu ölkə üzərində ciddi diplomatik və hərbi qələbə qazandığımız gündən bəri Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa və təşvişə yol açıb, lakin bu heç də təəccüb doğurmur..
Ancaq Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir, lakin proseslər ilə əlaqədar olaraq Ermənistan tərəfi qeyri-adekvat reaksiya verərək, mütəmadi olaraq təxribat xarakterli bəyanatlarla çıxış edir. Belə ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri də yolverilməzdir.
Cənab Prezidentin də qeyd etdiyi kimi - “Noyabr bəyanatından sonra bir çox addımlar ataraq göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik. Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik”.
Hazırda, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da nəticədə yüzlərlə insanımızın minaya düşərək həlak olmasına səbəb olur. Ancaq, nə təsadüfdür ki, hələ bugünədək Rusiya sülhməramlılarından birinin minaya düşdüyü xəbərini eşitməmişik. Bu gün, erməni tərəfindən bir təşəkkür görməsək də belə, dövlətimiz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə verib. Ümid edirik ki, Rusiya da bu məsələdə dəstəyini göstərəcəkdir, belə ki, Rusiya tərəfi Ermənistan tərəfini bu xəritələri verməyə təhrik etməlidir.