AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Düşmən tərəfindən hansısa materialı götürdükdə çox diqqətli olmalıyıq və niyə verdiyimizi bilməliyik" - GƏLİŞMƏ

  • + A
  • - A
  • 21-05-2021, 09:05


    Müasir dünyamızda elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər qeyd edirlər ki, gələcək dövrdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq. Qeyd edək ki, "İnformasiya müharibəsi" termini rəsmi olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən 1992-ci ildə istifadə edilib. Bilirik ki, informasiya həm silah, həm də məqsəddir. Yəni informasiya hücumu icazə olmadan istənilən formada həyata keçirilə bilər. Xüsusilə qeyd edək ki, informasiya müharibəsi insan psixologiyasına yönəlmiş əməliyyatdır. Ancaq məsələyə daha makro aspektdən yanaşsaq, “İnformasiya müharibəsi” və onun tətbiqi daha qədim dövrlərə təsadüf edir. Məsələn, Çingiz xanın yürüşləri zamanı xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar işğal olunacaq ərazilərdə Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından Makedoniyalı İsgəndər, Əmir Teymur və s. məşhur sərkərdələr də istifadə ediblər.
    Əsrlər keçsə də, bu günləri informasiya müharibəsi yeni texnoloji həllər vasitəsilə davam edir. Bu günləri hər bir sosial şəbəkə istifadəçisi informasiya müharibəsində iştirak edə bilir. Ancaq ən önəmli məsələ informasiya müharibəsində iştirakın və mövqenin düzgün müdafiə olunmasıdır.
    Mütəxəssislər hesab edir ki, informasiya müharibələri zamanı informasiya üstünlüyünə nail olmaq çox vacibdir. Çünki bu yaranan vəziyyət haqqında məlumatların davamlı axınını toplamaq, idarə etmək və yaymaq bacarığı, rəqibə oxşar cəhdi etməyə mane olmaq qabiliyyəti kimi müəyyən edilir. Qeyd edək ki, xüsusən informasiya şəbəkə müharibəsinin aparılması daha rahat olur və neqativ, anonim informasiyanın nəzarətsiz yerləşdirilməsi imkanı yaradır. Bu bir faktdır ki, bu gün Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər informasiya müharibəsində çox fəaldırlar və düşmənə adekvat cavab verməkdədirlər. Qarabağ həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara çatdırılması üçün bütün imkanlardan istifadə edirlər. İnformasiya müharibələrində ən güclü silah informasiya və dezinformasiyadır ki, bunlar da müharibənin formasını təyin edir. İnformasiya müharibəsində ən əhəmiyyətli məsələ ölkənin öz məlumat infrastrukturunu qoruyaraq düşmən qoşunlarının informasiya sistemlərini, məlumat mənbələrini və məlumat infrastrukturunu məhv edə bilməkdir.Lakin informasiya müharibəsində dezinformasiyalara xüsusi önəm yetirmək lazımdır. Çünki dezinformasiyanın məqsədi şəxsləri yanlış istiqamətləndirmək üçün doğruluq payı olmayan, təhrif olunmuş məlumatlar verməkdir. Bu, təbii ki, dünyada ideoloji müharibə metodu hesab edilir və əks-təbliğat gücünə malik inandırıcı üsuldur. Yəni doğruları gizlətməklə əks məlumat vermək insanları inandırmağın, yaxud aldatmağın ən təsirli yoludur.
    Bildiyimiz kimi, 44 günlük müharibədə Azərbaycan tarixi qələbə qazandı. Sirr deyil ki, bu, qələbə təkcə hərb meydanında deyil, informasiya meydanında da özünü açıq-aydın şəkildə göstərdi. Düzdür, qardaş Türkiyənin də informasiya müharibəsində bizə göstərdiyi dəstək danılmazdır. Amma bu gün cəbhədə müharibə bitsə də, informasiya üzərində müharibə davam etməkdədir. Düşmən ölkə daim dezinformasiyalar yaymaqdadır. Bəs bu dezinformasiyalarla necə mübarizə aparılmalıdır? İnformasiya müharibəsində nələrə diqqət yetirilməlidir? "Şərq" bu barədə suallarını media mütəxəssislərinə ünvanlayıb.

    Mövzu ilə bağlı "Şərq"ə danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmli bildirib ki, informasiya müharibəsi hərbi əməliyyatların başqa üsullar vasitəsilə davam etməsi deməkdir. O qeyd edib ki, bu işdə hər bir kəsin üzərinə böyük məsuliyyət düşür:

    "Biz ilk növbədə informasiya müharibəsi ilə jurnalistika fəaliyyətini ayrı-ayrılıqda nəzərdən keçirməliyik. Bütövlükdə götürüləndə media qurumları - televiziya, qəzet, saytlar bu müharibədə iştirak edə bilir. Ancaq bu müharibə ilə xüsusi mütəxəssislər məşğul olmalıdır. Bir faktı qeyd edim ki, bizim media nümayəndələri tez-tez Ermənistan mətbuatının yaydığı dezinformasiyaları götürüb yayır və ona münasibət alırlar. Hesab edirəm ki, bunları yaymaq, ona münasibət bildirmək və s. bunlar hamısı qeyri-peşəkarlıqla bağlıdır".
    Tanınmış jurnalist qeyd edib ki, dezinformasiya informasiya müharibəsinin bir elementidir: "Bilməliyik ki, dezinformasiyalar ölkə içində müəyyən çaşqınlıqlar yarada bilər. Ona görə də biz düşmən tərəfindən hansısa materialı götürdükdə çox diqqətli olmalıyıq və niyə verdiyimizi bilməliyik. Yəni ilk olaraq fikirləşməliyik ki, bunun mənbəyi varmı, doğrudurmu və s. Həmçinin informasiya müharibəsi ilə məşğul olan müəyyən qurumlar bununla bağlı müəyyən texnologiyalardan yüksək səviyyədə bəhrələnməlidirlər. Bu sahədə çalışan media təmsilçilərimiz də bu işin incəliyini bilməli, informasiya müharibəsinin nədən ibarət olduğunu, hansı üsullarla, metodlarla aparıldığını bilməlidirlər. Jurnalistlərimiz material verərkən çox ehtiyatlı olmalı və hər şeyi diqqətlə araşdırmalıdır. İnformasiya müharibəsi adında göründüyü kimi, hərbi əməliyyatların başqa üsullar vasitəsilə davam etdirilməsidir. Qeyd edim ki, bu işin də öz incəliyi, öz psixoloji və elmi əsasları var".

    Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi, ictimai fəal Əhməd Şahidov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük savaşın bitməsinə baxmayaraq, hələ də informasiya müharibəsi davam edir:

    "Mən deyərdim ki, hazırda informasiya müharibəsi daha gərgin və daha intensiv şəkildədir. Çünki 44 günlük müharibənin ardından Ermənistan tərəfi müxtəlif dezinformasiyalar, həqiqətə uyğun olmayan ittihamlar səsləndirir. Beynəlxalq ictimaiyyətin diqqətini cəlb eləməyə çalışır. Xüsusən də bu onların hərbi əsir dediyi, əslində erməni diversiya qrupunun üzvü olan terrorçuların buraxılması ilə bağlı erməni tərəfinin əsassız təbliğatıdır ki, bu, beynəlxalq arenada geniş vüsət alıb. Təbii ki, Azərbaycan tərəfinin siyasi qətiyyəti nəticəsində bu cəhdləri baş tutmadı. İndi də iki ölkə arasında dövlət sərhədində, guya, Azərbaycan hərbiçilərinin dövlət sərhədini pozması Ermənistan ərazisinə keçməsi ilə bağlı əsassız məlumatlar yaymaqdadırlar. Bütün bunlar informasiya savaşının tərkib hissəsidir. Azərbaycan da bu savaşda tutarlı cavab verir. Təbii ki, 44 günlük savaşda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında qardaş Türkiyənin, Türkiyə mətbuatının böyük dəstəyi olub. Hazırda isə aktiv hərbi əməliyyatlar, ümumiyyətlə, hərbi əməliyyatlar getmədiyinə görə, biz informasiya savaşını təkbaşına davam etdirməyə məcburuq. İstərdim ki, bu istiqamətdə ilk növbədə Azərbaycan sosial şəbəkə istifadəçiləri daha aktiv olsunlar. Biz adətən "Facebook" platformasından istifadə edirik. Burada ölkəmizin daxili məsələləri ilə bağlı vətəndaşlarımız çox aktivdirlər. Amma bu gün dünyada daha ciddi ictimai, siyasi müzakirələrin getdiyi platforma var. Bu günləri təəssüflər olsun ki, bədnam düşmənlərimiz ermənilər "Twitter" də daha fəaldırlar. Xüsusən də Azərbaycana qarşı informasiya savaşında onun geniş imkanlarından istifadə edirlər. Beynəlxalq təşkilatların, diplomatların, xarici dövlət və hökumət başçılarının diqqətini cəlb edə bilirlər".

    Ə.Şahidov qeyd edib ki, Azərbaycan istifadəçiləri informasiya müharibəsində qalib gəlmək üçün sosial şəbəkələrdə mütləq aktiv olmalıdırlar: "Azərbaycan istifadəçiləri sosial media hesablarında, xüsusilə də “Twitter”də ingilis, rus və mümkünsə, fransız dilində erməni aqressiyasını, Azərbaycan həqiqətlərini əks etdirən kontentlər dərc edə, müəyyən heşteqlərdən istifadə edərək səsimizi dünyaya çatdırmaqda dəstək ola bilərlər. Həmçinin sosial media platformalarında düşmən tərəfindən yazılmış yalan, təhrif olunmuş məlumatlara müdaxilə edə, aqressiya və təhqirə yol vermədən həqiqətləri əks etdirən cavablar yaza bilərlər. İlk növbədə qarşı tərəfin yaydığı dezinformasiyalar və ya digər məlumatların təsirində ruh düşkünlüyü yaşamaq, emosiyalara qapılmaq olmaz. Bu həm də beynəlxalq mətbuata təsir etmənin vasitələrindən biridir. Bu baxımdan düşünürəm ki, hələ ki, Azərbaycan informasiya savaşında qətiyyətlə mübarizə aparır. Ermənistan 44 günlük müharibənin acı məğlubiyyətini yaşayan tərəf olduğu üçün onlar hələ uzun illər bu barədə yazacaqlar, danışacaqlar, özlərini məzlum xalq kimi göstərməyə çalışacaqlar. Bununla da beynəlxalq ictimaiyyətin diqqətini özlərinə cəlb etməyə çalışacaqlar. Ona görə də istənilən halda Azərbaycan döyüş sahəsində qazandığı qələbəni, üstünlüyü informasiya savaşında da davam etdirməlidir. Biz bundan başqa xarici media ilə, xüsusən də dünya mediaları ilə əməkdaşlıq etməliyik. Azərbaycan həqiqətlərinin beynəlxalq media məkanına çıxışını təmin etməliyik. Düşünürəm ki, bunun üçün də kifayət qədər potensialımız var. Sadəcə, beynəlxalq əlaqələrimizi bir qədər də genişləndirib, bu sahədə düşmən tərəfini məğlubiyyətə düçar etməliyik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR