AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Toylara bu şərtlə icazə verilə bilər ki...” - AKTUAL

  • + A
  • - A
  • 25-05-2021, 08:37



    "Bu zəncir işləməlidir. Şadlıq sarayları, mərasim evləri açılsa, hər şey yoluna düşəcək. Nə qədər gəncimiz toy gözləyir, ana-ataların arzusu var. Amma biz insan sağlamlığını hər şeydən üstün tuturuq və qaydalara riayət etməyi özümüzə borc bilirik"

    Deyirlər, toy olacaq! Artıq il yarımdır ki, gəlinlər duvaqda, bəylər qalstukda, ata-anaların da əli qoynunda qalıb. Səbəb məlumdur. Və tam əsaslıdır. Koronavirus pandemiyası dünyanı lərzəyə saldığı bir vaxtda insanların kütləvi toplaşmalarının qarşısının alınması ən düzgün qərar idi. Məlum məsələdir; Azərbaycan cəmiyyəti üçün çətin idi, əsrlərlə möhkəmlənmiş adət-ənənələrdən kənar qalmaq. Bir müddət əhali yeni qaydalara uyğunlaşa da bilmədi. Kimlərsə, gizli-aşkar yas mərasimləri, toy-nişan məclisləri təşkil etdilər. Hüquq-mühafizə orqanları məlumat aldıqları zaman bu cür mərasimləri dayandırdılar, təşkilatçılar cərimələndi. İndi də qadağaları pozmağa meyl göstərənlər olur. Qanun hər şeydən üstündür və kimsə cərimələrə, inzibati cəzalara görə etiraz etmir. Hamı başa düşür ki, pandemiya dövründə, koronavirusdan itkilər olduğu bir vaxtda karantin qaydalarına əməl etmək vacibdir. Dövlət bu qaydaları ilk növbədə vətəndaşların sağlığını, təhlükəsizliyini düşünərək tətbiq edir. Yoxsa ki, şadlıq saraylarının, mərasim evlərinin fəaliyyət göstərməsinin dövlətə zərəri yox, əksinə xeyri var. Ən azından vergi ödəyiciləri üzərlərinə düşən vəzifəni yerinə yetirir. Şadlıq saraylarında, əyləncə mərkəzlərində, mərasim evlərində çalışanlar, toy və yas industriyası adlanan bu geniş sahənin çalışanları maddi gəlirlərini təmin edirlər. Bundan əlbəttə, dövlətə xeyir dəyir. Lakin vurğuladığımız kimi, Azərbaycan dövləti üçün prioritet olan ilk növbədə vətəndaşların sağlamlığı və təhlükəsizliyidir. Hazırda isə vəziyyət müsbətə doğru dəyişməkdədir. Koronavirusa yoluxma sayında nəzərəçarpan azalma, vəfat edənlərin sayının azalması, xəstəlikdən sağalanların sayının yoluxma sayını üstələməsi, ən başlıcası da ölkə üzrə geniş peyvəndləmə kampaniyasının aparılması karantin qaydalarında yumşalmalara gediləcəyi ümidini xeyli artırır. Yumşalmaların ilk növbədə insanları məhz havaların istiləşməsiylə əlaqədar daha çox narahat edən məsələyə - açıq havada tibbi maskalardan istifadənin zəruriliyinin qaldırılmasına şamil ediləcəyi gözlənilir. Və əlbəttə ki, əhalinin uzun müddətdir səbirsizliklə gözlədiyi toy məclislərinin keçirilməsinə icazə verilməsi.

    İlk açıqlama TƏBİB-dən gəldi

    TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AZTV-yə verdiyi müsahibədə karantinlə bağlı bəzi qərarların elan olunacağını bildirib. Şöbə müdiri qeyd edib ki, açıq havada maskadan istifadə ləğv edilə bilər. Lakin onu da deyib ki, bu, həkim olaraq onun şəxsi düşüncələridir: “Azərbaycanda açıq havada maskadan istifadənin ləğvi ilə bağlı qərar yaxın vaxtlarda elan oluna bilər. Bununla bağlı qaydalar hazırlanır. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır”.

    Yaqut Qarayeva deyib ki, toyların pandemiya şəraitində təşkil edilməsi ilə bağlı da qaydalar hazırlanır:

    - Ümumiyyətlə, vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, istərsə də insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz, hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır.

    TƏBİB-in açıqlaması isə toy sektorunda əməlli-başlı canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar. Məsələn, "Xəzər TV”-nin bu barədə hazırladığı reportajda şadlıq evləri sahiblərinin necə ümidləndiyini görmək olur. Şadlıq evi sahibi Mahir Zeynalov deyib ki, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub. İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Artıq açıq hava toyları üçün qiymət də müəyyən ediblər. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indiki qiymətlər baha olacaq. Ekspertlər bildirirlər ki, açıq hava toylarının qiymətlərinin yüksək olmasının səbəbi bu ənənənin əvvəllər Azərbaycanda çox zəif olmasıdır. Çünki hazırda Bakıdakı şadlıq evlərinin 80 faizində bu imkan yoxdur. Marketoloq Sabit Məmmədov isə deyib ki, toylara icazənin veriləcəyi xəbəri indiyə qədər toy keçirməyən restoran sahiblərini də hərəkətə keçirib. O hesab edir ki, əgər açıq hava məkanlarının sayı artmasa, bu sektorda sürətli qiymət artımı baş verə bilər. Dekorasiya xərcləri, mümkün say məhdudiyyəti də qiymətə təsir edən amillərdən olacaq. Sabit Məmmədov bildirir ki, açıq hava məkanlarının sayı artdıqca gələcəkdə qiymətlərdə müəyyən qədər enmə müşahidə edilə bilər.

    “Toylara bu şərtlə icazə verilə bilər ki...”

    Millət vəkili Afət Həsənova isə hesab edir ki, karantin qaydalarında yumşalmalara gediləcəksə, insanlarımız daha da diqqətli olmalı və yoluxma sayının artmaması üçün sanitar-gigiyenik şərtlərə, həmçinin tətbiqi nəzərdə tutulan qaydalara mütləq əməl etməlidirlər. Millət vəkili açıqlamasında qeyd edib ki, yoluxma sayının azalmasının əsas səbəbi ölkə üzrə vaksinasiyanın aparılmasıdır:

    - Artıq vurulan vaksinlərin ümumi sayı 2 milyona çatır. Koronavirusa yoluxmanın azalması müəyyən yumşalma tədbirlərinin həyata keçirilməsinə imkan verir. Bildiyiniz kimi TƏBİB rəsmisi də həm açıq havada maskadan istifadə tələbinin aradan qaldırılması, həm də açıq havada toyların keçirilməsi ilə bağlı qaydaların hazırlandığını bildirib. Hər iki qərar cəmiyyətin çoxdan gözlədiyi bir qərardır. Artıq yay mövsümü gəlir və açıq havada maskasız gəzmək insanların sağlamlığı üçün də faydalıdır. Pandemiya səbəbindən belə bir tələbin qoyulması zərurətə çevrilmişdi, ancaq ölkəmizdə virusla bağlı müsbət tendensiyanın əldə edilməsi bu tələbin aradan qaldırılmasına imkan verir. Ancaq maska tələbinin aradan qaldırılması pandemiyanın sona çatması anlamına gəlməməlidir. Eyni zamanda bu o demək deyil ki, insanlar açıq havada biri-birlərinə yaxın məsafədə gəzə bilərlər. Əhali bundan sonra da qaydalara ciddi şəkildə əməl etməlidir ki, virus yenidən artmasın və yenidən qaydalar sərtləşdirilməsin.

    Deputat bildirib ki, toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı xəbərlər cəmiyyətimiz tərəfindən sevinclə qarşılanıb:

    “Şadlıq saraylarında zalların tutumunun dörddə-biri qədər qonaq sayının olması şərtilə toyların keçirilməsinə icazə verilə bilər. Əlbəttə, bu da olduqca müsbət haldır. Lakin qeyd etdiyim kimi burada da insanların məsuliyyətli davranması vacibdir. Hesab edirəm ki, qaydalara riayət olunub virusun yayılmasına imkan verməməklə və eyni zamanda vaksinasiya prosesində aktiv iştirak etməklə qısa müddət ərzində toyların məhdudiyyətsiz keçirilməsinə nail ola bilərik”.

    Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, Əməkdar mədəniyyət işçisi, Tahir Əmiraslanov “Şərq”ə açıqlamasında açıq havada toy mərasimlərinə icazə veriləcəyi təqdirdə bir neçə mühüm şərtə əməl edilməsinin zəruru olduğunu dedi:

    - Birincisi, sadlıq saraylarının bütün işçi personalı COVİD-19-qa qarşı peyvənd olunmalıdır. Bu, ilk növbədə işçilərin sağlamlığı üçün vacibdir. Şadlıq saraylarında 500-ə yaxın işçi olur. Təsəvvür edin ki, bu işçilər həm bir-biriylə, həm də gələn qonaqlarla təmasda, ünsiyyətdə olacaqlar. Ofisiantlar qonaqlara qulluq edəcək. Onların peyvənd olunması, tibbi müayinədən keçməsi mütləq lazımdır. Həm də yaxşı olar ki, bu sektorda çalışanlar üçün vahid, mərkəzləşmiş tibb müəssisəsi müəyyənləşsin, çalışanlar orada müayinə və peyvənd olunsun. Yoxsa ki, hər dəfə işçini ayrı-ayrı müayinələrə göndərsələr, bu, işin pozulmasına səbəb olar. İkincisi, toya dəvət edilmiş qonaqlar məclisə gələndə həkim arayışı təqdim etməlidirlər. Ya peyvənd olunduqları barədə, ya yoluxma barədə. Toy mərasimində iştirak edəcək insanların hamısı koronavirus testindən keçməli və əllərində rəsmi sənəd olmalıdır. Üçüncüsü, şadlıq sarayının rəhbərliyi karantin qaydalarına, sanitar-gigiyenik qaydalara sözsüz əməl etməldiir. Hansı qaydalar əsasında toy məclislərinin keçirilməsinə icazə veriləcəksə, o qaydalara ciddi riayət olunmalıdır. Masalar arası məsafə nə qədər tələb edilirsə, bir masa arxasında neçə nəfərin əyləşə biləcəyi bildirilirsə, bu qaydalara əməl edilməlidir.

    Dördüncüsü, əgər toylar açıq havada keçiriləcəksə, musiqinin səsinin ətraf ərazidə yaşayanları narahat etməməsinə diqqət edilməli və səs desibli dəqiq müəyyənləşməlidir – səsin hansı yüksəklikdə yayılmasına icazə verilir, bilinməlidir.

    Çünki şadlıq saraylarında toy məclisləri keçiriləndə ətraf ərazilərdəki sakinlər narazılıq edirdilər.

    İndi açıq havada toy olacaqsa, görün, səs haralara gedib çıxa bilər?! Masaların düzülüşündə, yeməklərin təqdim olunmasında da açıq hava şəraiti nəzərə alınmalıdır.

    Toylara icazə verilsə belə, gərək vətəndaşlarımız diqqətli olsunlar, bir qarın yeməkdən ötrü özlərini yandırmasınlar. Ən əsası onu demək istəyirəm ki, toy iki gəncin həyatında özəl gündür. İmkan vermək lazımdır ki, ailə quranlar həmin günü istədikləri kimi keçirsin, istədikləri kimi yaşasın. COVİD-19 göstərdi ki, az adamla da toy etmək olar. Məcburdur ki, toya 500 adam gəlsin?! Gəlinin, bəyin ailə üzvləri, ən yaxın qohumları, dostları, hər iki tərəfdən 10-20 nəfərlə də toy şənliyi keçirmək olar. Başqaları qoy nəmərlərini göndərsinlər. Gənc ailəyə də yardım etmiş olsunlar. Bundan gözəl nə ola bilər?!

    T.Əmiraslanov qeyd etdi ki, toy mərasimlərinin dayandırılması böyük bir sahənin çalışanlarını maddi sıxıntı içində saxlayır, lakin yenə də həyat təhlükəsizliyi öndədir:

    - Toylara icazə verilməsini ən çox biz arzulamalıyıq. Çünki işsiz qalan bizim sahənin adamlarıdır. Düzdür, müğənnilər, rəqqasələr, fotoqraflar, disk hazırlayanlar, gülçülər, toy maşınları kirayəsi ilə məşğul olanlar, dizaynerlər də eyni vəziyyətdədir. Bu sahə həqiqətən də çox böyükdür. Böyük bir təbəqə toyların dayandırılmasından maddi sıxıntı çəkir. Bu zəncir işləməlidir. Şadlıq sarayları, mərasim evləri açılsa, hər şey yoluna düşəcək. Nə qədər gəncimiz toy gözləyir, ana-ataların arzusu var. Amma biz insan sağlamlığını hər şeydən üstün tuturuq və qaydalara riayət etməyi özümüzə borc bilirik. Nə zaman toylara rəsmi icazə veriləcəksə, biz də qollarımızı çırmalayıb işə başlayacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR