Əliabbas Salahzadə
Milli Məclisin deputatı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə diqqəti yönəldərək bildirib ki, tarixi Qələbəmizdən sonra bayramlarımızın işğaldan azad edilmiş torpaqlarımızda qeyd olunmasının öz rəmzi mənası vardır: “Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz tonqalını Şuşada Cıdır düzündə yandırdılar. Azərbaycan mədəniyyətini Şuşaya apararaq iki gün davam edən “Xarıbülbül” musiqi festivalı Ramazan bayramına təsadüf etdi. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz dini, milli, mənəvi köklərinə bağlı olan xalqdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Bütün bu illər ərzində bir amalla yaşadıq - torpaqlarımızı azad, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq.
28 May-Respublika Günündə Prezident İlham Əliyevin Ağdam şəhərinə növbəti səfəri və şəhərin Baş Planının təqdimat mərasiminin keçirilməsi də bir mesaj kimi dəyərləndirilməlidir. Milli bayramımız olan Respublika Gününün işğaldan azad edilmiş torpağımızda qeyd olunması bir daha müstəqilliyimizin nə qədər güclü olduğunu göstərdi. Əlbəttə ki, Azərbaycan güclü müstəqil dövlət qurmasaydı, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdi. Ancaq güclü, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. 28 ildən sonra Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər çalmış bir xalq kimi Respublika Gününü azad edilmiş torpağımızda- məhz Ağdamda qeyd etməyimiz böyük qürurdur.”
Ə.Salahzadə vurğulayıb ki, tariximizə Zəfər Gününü yazan 44 günlük Vətən müharibəsinin yaratdığı qürur fonunda gələcəyə böyük inamla baxırıq: “Azərbaycana dost ölkələr, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsində maraqlı olan beynəlxalq qurumlar hazırkı mərhələnin-quruculuq və bərpa dövrünün uğurla başa çatıb, soydaşlarımızın Böyük Qayıdışının təmin olunması üçün öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Bu baxımdan Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dövlətimizin başçısı İlham Əliyevlə telefon söhbətində qeyd etdikləri fikirlər təqdirəlayiq olmaqla yanaşı, münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təsdiqidir.”
Millət vəkili qeyd edib ki, yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadə ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açır, tranzit ölkə kimi mövqelərini möhkəmləndirir: “Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında “Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq” fikrini böyük inam və qətiyyətlə ifadə etməsini şərtləndirən əsas amillərdən biri də məhz budur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası, həmçinin əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqelərinə, söz sahibinə çevrilməsinə işıq salır. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycan dünyanın enerji xəritəsinə yeni əlavələr edərək, enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayır. Bu kimi uğurlarımız Azərbaycanın xarici siyasətinin, iqtisadi imkanlarının təqdimatıdır. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi yeni layihələrin gündəmə gətirilməsini və səylərin birləşdirilməsini şərtləndirir.”
Azərbaycanla Avropa İttifaqı və quruma üzv dövlətlər arasında əlaqələrə diqqət yönəldən Ə.Salahzadə bildirib ki, Avropa İttifaqının Azərbaycanın ən vacib tərəfdaşlarından biri olması, quruma üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığa dair sənədlər və bəyannamələr imzalaması, ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxunun Avropa İttifaqınin payına düşməsi və sair kimi mühüm məqamlar əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişafından xəbər verir: “Qurumun artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər zaman ölkəmizin ədalətli mövqeyinə dəstək nümayiş etdirən Avropa İttifaqı 44 günlük Vətən müharibəsi dövründə də eyni yanaşmanı ortaya qoydu. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edib, ölkəmizlə əlaqələrin inkişafına dəstək verir. Telefon söhbəti zamanı Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələlərini müzakirə edən tərəflər əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildiriblər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanı konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb.”
Ə.Salahzadə bildirib ki, regionda və beynəlxalq aləmdə sözünün, imzasınin böyük dəyəri və əhəmiyyəti olan Azərbaycan bundan sonra qalib dövlət kimi daha da inkişaf edəcək, xarici siyasətinin dəyişməz prinsiplərinə söykənərək əməkdaşlıq əlaqələrinin coğrafiyasını genişləndirəcək.