Xəbər verdiyimiz kimi, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb.
AzadMedia.az-ın məlumatına görə, qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və müvafiq tapşırıqlar verib.
Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib:
"Bildiyiniz kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizə üçün Fövqəladə Hallar Nazirliyi öz əməkdaşlarını qardaş ölkəyə yola salır. Ötən gün bizim birinci dəstəmiz yola salınmışdı, hazırda onlar Marmarisdən 11 km aralıda yanğınla mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, hazırda orada yanğın davam edir. Meşə yanğınları adi ev yanğınlarına bənzəmir. Belə yanğınlarla mübarizə çox çətindir. Buna baxmayaraq, yerli mütəxəssislərlə yanğının qarşısını almağa çalışırıq. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulan vəzifəni yerinə yetirəcəyik. Türkiyənin kədəri bizim kədərimizdir. Biz iki dövlət, bir millətik. Yaşasın Azərbaycan-Türkiyə dostluğu".