Cəlilabad rayonunda Beynəlxalq Sülh Günü münasibətilə "Sülhün tərəfdarı Azərbaycan" adlı tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosunun verdiyi məlumata görə, Sentyabrın 21-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində karantin rejiminin qaydaları gözlənilməklə Beynəlxalq Sülh Günü münasibətilə "Sülhün tərəfdarı Azərbaycan" adlı tədbir keçirilib.
Mərkəz, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət işçiləri və gənclər iştirak edib.
Tədbirdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova və çıxış edən qonaqlar qeyd ediblər ki, sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurulması, milli maraqların uzlaşdırılması deməkdir. Sülh şəraitini müharibə pozur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün deyil. İnsanlar bəşəri rəmzə çevrilən sülhə can atır. Ona görə də, dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixini Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Bu günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca daha da aydın görünür.
Bildirilib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olmuşdur. 30 il davam edən Qarabağ münaqişəsi zamanı ölkəmizin konfliktin sülh yolu ilə nizamlanmasına daha artıq səy göstərməsi buna əyani sübutdur.
Vətəndaşlarımız uzun zaman ərzində öz yurd yuvalarından didərgin düşmüş olsalar da, sonda sülh, əmin-amanlıq olacağına inanaraq səbir etmişlər.
Qeyd olunub ki, erməni tərəfinin münaqişənin dinc nizamlanma üsuluna, sülh çağırışlarına tərəfdar olmaması və adekvat reaksiya verməməsi bizlərə torpaqlarımızı geri qaytarmağımıza yol açmışdır.