Vüqar Əlizadə
Maliyyə və mühasibat fakültəsi
Qrup 600
HƏR QARIŞIMIZ MÜSTƏQİLDİR!
Xülasə: XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir.Çox keçmir ki,mənfur qərb qonşularımız torpaqlarımızın bir hissəsini ələ keçirir.Lakin,xalq bunu unutmur və 28 il sonra həqiqət parıldayır!
Açar sözlər: Ali Baş Komandan,Azərbaycan Respublikası,Qarabağ müharibəsi,Müstəqillik Günü,Şuşa əməliyyatı
Milli Müstəqillik Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.Belə ki,1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparır və nəhayət,1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil və 32 maddədən ibarətdir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə yekdilliklə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yenidən bərpa olunmuşdur.
Lakin müstəqilliyi qorumaq,onu əldə etməkdən daha çətin oldu.Belə ki,1992-ci ildə Xocavənd,Xocalı,Laçın və Şuşa,1993-cü ildə isə Kəlbəcər, Ağdərə,Ağdam,Cəbrayıl,Füzuli,Qubadlı və Zəngilan qərb ″qonşumuz″ Ermənistan tərəfindən işğal olundu.Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başladı. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur.1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət edirdilər.
Tarixə 1-ci Qarabağ müharibəsi kimi düşmüş bu tarixi hadisə nəticəsində keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayəti və ətraf 7 rayon işğal edildi,Daha sonra Qondarma Dağlıq Qarabağ Respublikası quruldu.Bu vandal hərəkat nəticəsində 11 557 nəfər həlak oldu,50 000 nəfər yaralandı və 4 210 nəfər itkin düşdü. Münaqişə nəticəsində Azərbaycandan 230 000 erməni, Ermənistan və Qarabağdan isə 800 000 azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür.
Müharibənin nəticələri olaraq 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra mübahisəli ərazinin gələcəyini müəyyən etmək üçün ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar başladı və ATƏT-in Minsk qrupu yaradıldı.Lakin Minsk qrupunun fəaliyyətsizliyi və laqeydliyi nəinki tərəfləri sülhə gətirdi,hətta mübahisəni qarşıdakı illərə daşıdı.Bunun nəticəsində 28 il davam edən işğal dövründə hər il atəşkəs pozuldu,hətta başqa irimiqyaslı döyüşlərə səbəb oldu.Buna misal olaraq Aprel və Tovuz döyüşlərini göstərmək olar.Hansı ki,bu döyüşlərdə Azərbaycan ordusu gücünü və qətiyyətini Ermənistan tərəfinin verdiyi itkilərlə sübut etdi.
4 gün davam edən Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
2020-ci ilin iyul ayında baş vermiş döyüşlər rəşadətli ordunu qələbəyə bir addım da yaxınlaşdırdı.Belə ki, İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmağa başladı.
Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, “Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində “UAZ” markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar”.
Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, “Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir”.
10 gündən çox davam edən bu döyüşlər təkcə Tovuz rayonunu deyil,eyni zamanda Gədəbəy,Ağdam rayonlarını və Naxçıvan Muxtar Respublikasının bir sıra sərhədboyu ərazilərini əhatə etmişdir.Bu döyüşlər nəticəsində xalqımız içlərində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ilə birlikdə 9 zabit,3 əsgər və bir mülki şəxs olmaqla ümumilikdə 13 şəhid vermişdir.Lakin itkilərə baxmayaraq,qarşı tərəfin 120 hərbiçisi məhv edilmiş,1 tankı,bir neçə zirehli texnikası,4 pilotsuz uçuş aparatı və 1 radioelektron mübarizə (REM) vasitəsi vurulmuşdur.Bu döyüşlərdə düşmən tərəfin texnikalarının məhv edilməsi yaşanan ilk hal deyildi.Aprel döyüşlərində daha artıq canlı və maddi-texniki itki verən Ermənistan hökuməti Azərbaycan Respublikasının hərbi və iqtisadi qüdrətinin özlərindən dəfələrlə güclü olduğunu bilirdi.Buna da səbəb Ümummilli Lider Heydər Əliyevin vaxtından təməlləri atılan və bu günümüzə qədər davam etdirilən Ordu Quruculuğudur.Müxalif və anti-milli qüvvələr daima ölkə rəhbərliyinin xaricdən silah-sursat almasını lazımsız olaraq şişirdir və bunu ″absurd″ adlandırırdı.Lakin tarix onlara göstərdi ki,Ali Baş Komandan öz uzaqgörən siyasətində qətiyyən yanılmayıb.Eyni zamanda növbəti hissədə haqqında danışacağım 2-ci Qarabağ Müharibəsində xalqımız və bütün dünya ictimaiyyatı Azərbaycan Ordusunun ən müasir hərbi sistemlərə,pilotsuz uçuş aparatlarına və xüsusi təlimlərdə iştirak etmiş igid əsgər və zabitlərinə heyran qaldıqlarını gizlətmədilər.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış,respublika ərazisində hərbi vəziyyət elan olunmuş və bununla da 2-ci Qarabağ müharibəsi(Vətən müharibəsi, ″Dəmir Yumruq″ əməliyyatı) başlamışdır. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi.Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Vətən müharibəsinin hər günü bir dastandır,lakin ″ Şuşa ″ əməliyyatı müasir hərb tarixində misli görünməmiş və unudulmayacaq bir qəhrəmanlıq nümunəsidir. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Nikol Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.
Müharibənin bitməsi son demək deyildi,əksinə biz bir xalq,bir Dəmir Yumruq olaraq anladıq ki,itkilərlərlə barışmaq yox,onları öz sahiblərinə qaytarmaq lazımdı.Bu çətin,lakin şərəfli yolda irəliləmək üçün 2 şərt var idi; Birlik nümayiş etdirmək və bu birliyi düzgün və uzaqgörən siyasətlə davam etdirmək üçün seçilmiş bir Lider olmalıdır.Hansı ki,Cənab İlham Əliyev bunu layiqincə yerinə yetirdi və yetirir.
Qarabağımızın hər qarışının ölkə müstəqilliyinə şahid olması sevincimizə sevinc qatır.Qarabağımız,Azərbaycanımız və onun ordusu,iqtisadiyyatı,təhsili, mədəniyyəti,səhiyyəsi günü-gündən inkişaf edir və inkişaf edəcək.İnşallah ki, hər il qeyd etdiyimiz Müstəqillik Gününü bir gün Dərbənddə, Borçalıda, Göyçədə,Zəngəzurda,İrəvanda və Cənubi Azərbaycanımızda qeyd edəcəyik,″Hər Qarış″ torpağımız buna şahid olacaq!
Qarşıdan 18 Oktyabr Dövlət Müstəqilliyi Günü gəlir və müstəqilliyimizin 30 ili tamam olacaq.Müstəqilliyimizin sonsuz və əbədi olması diləyi ilə, Bayramınız mübarək!
Mənbə:
https://www.virtualkarabakh.az/az/post-item/52/2871/ikinci-qarabag-muharibesi.html
https://az.m.wikipedia.org/wiki/Milli_M%C3%BCst%C9%99qillik_G%C3%BCn%C3%BC