AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili İqbal Məmmədov - "Qarabağ Zəfər tarixi həm də Azərbaycan diplomatiyasının geosiyasi meydanda uğurudur" - Reportaj

  • + A
  • - A
  • 27-09-2021, 09:09



    "Qarabağ Zəfər tarixi həm də Azərbaycan diplomatiyasının geosiyasi meydanda uğurudur."
    Bunu Azadmedia.az-a açıqlamasında Milət vəkili İqbal Məmmədov deyib.


    - Artıq Qələbəmizin yazılmağa başladığı tarixi günün 27 sentyabr tarixinin 1ili tamam oldu. Qarabağ azadlıq mübarimizin 1 ili münasibətilə nələri qeyd edərdiniz?

    Millət vəkili bildirib ki, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin başçılığı, sərkərdəliyi ilə müsəlləh Azərbaycan Ordusunun Qarabağın, işğal olunmuş ərazilərimizin mənfur erməni işğalından azad olunması uğrunda II Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixinin artıq bir ili tamam oldu -

    "İşğalçı Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribat, bütün cəbhə boyu atəşkəsi pozması onun üçün əlbəttə ki, baha başa gəldi.
    Çünki qərarlı, əzmli Azərbaycan, Azərbaycan Ordusu ilə üz-üzə gəldi.
    Ali Baş Komandanımızdan əks-həmlə tapşırığı alan rəşadətli Azərbaycan Ordusu qısa zaman kəsiyində, 44 gün ərzində bunu Vətən müharibəsinin Şanlı Zəfər tarixinə çevirdi. Dəmir yumruq hərəkatı adı altında Ali Baş Komandanın rəhbərliyində qəhrəman ordumuz Azərbaycan tarix salnaməsinə Qarabağ Zəfər tarixini yazdı.

    Artıq bütün dünya bir daha Prezident İlham Əliyevin simasında əsl Lider, əsl sərkərdə, əsl siyasət xadimini gördü. Hər kəs bildi ki, işğalçı kimdir, işğala məruz qalan kim, 28 ildir haqsız kimdir, haqlı kim. Bu Qələbə nəyinki Azərbaycanın bütün türk dünyasının və eləcə də haqqın, ədalətin qələbəsi oldu.
    Dünya dövlətləri anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Azərbaycan dövləti artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir və eyni zamanda, ən müasir silahlarla silahlanmış ordusu var. Azərbaycan müstəqil siyasət yürüdür.

    Cənab Prezidentin müharibə ərzində televiziyadan xalqa müraciəti zamanı “dəmir yumruq” əməliyyatı adı altında işğalçıları “itiqovan kimi qovuruq” ifadəsi hər bir vətəndaşın hətda başqa xalqların dilində məşhur ifadəyə çevrildi. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək qələbə əldə etdi.

    Beləliklə, Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu.
    Qarabağ mənfur erməni işğalından azad edildi.
    Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin."

    - Xüsusilə, Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağları daha da möhkəmləndi. İki ölkənin son zamanlar siyasi mövqelərini qiymətləndirmənizi istərdik.

    İ.Məmmədov qeyd edib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər. İki ölkə, Ulu Öndər Heydər Əliyevin müdrikcə qeyd etdiyi kimi, "Bir millət, iki dövlət" olmuşlar. Heç təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti M.K.Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir -

    "Bugün də, bu möhkəm dostluq və qardaşlıq əlaqələri Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin və Türkiyə Cumhuriyyəti prezidenti cənab Recep Tayyip Erdoğanın rəhbərliyində ən yüksək səviyyədə davam edir. Qeyd etməliyəm ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, dostluq və qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Qarabağ müharibəsi ərzində Türkiyənin siyasi və mənəvi dəstəyi sırasında bu reallığı bütün dünya dövlətləri də görmüş oldu.

    Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir. II Qarabağ müharibəmizdən sonra Azərbaycanı ilk ziyarət edən ölkə də qardaş Türkiyə oldu.
    Tarixi Zəfər paradında cənab Erdoğanın iştirakı və çıxışı da Azərbaycan və Türkiyənin siyasi mövqelərini bir daha dünyaya göstərmiş oldu."

    - Şuşa Bəyannaməsi haqqında fikirləriniz və Türk dünyasının bugünü barədə ..

    O həm də bildirib ki, Hər iki dövlət başçılarının səfərləri zamanı müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir. Eləcə də Şuşa Bəyannaməsi. Şuşa Bəyannaməsinin böyük tarixi əhəmiyyəti var -

    "Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq - müttəfiqlik bəyannaməsi olan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə tarixi inqilabi həqiqətdir.

    Elə həmin tarixindən başlayaraq Rəsmi Bakı və Rəsmi Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə bəyan etdi. Şuşa Bəyannaməsində diqqət çəkən ən vacib nüanslardan biri hərbi sahədə olann əməkdaşlıqla bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bugün hər iki ölkə arasında keçirilən hərbi təlimlər də buna bariz nümunədir. Bu həm də onu göstərir ki, Qafqazın tarixi yenidən yazılmaqdadır. Heç şübhəsiz, burada iki qardaş ölkənin xidmətləri misilsizdir.

    Qeyd etdiyim kimi, iki ölkə münasibətlərinin çox dərin kökləri var. Xüsusilə, II Qarabağ müharibəsindən sonra bu münasibətlərin yeni müstəviyə qədəm qoyduğunu görürük. Belə ki, artıq Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, bütün dünya dövlətləri bununla həm razılaşır, həm də bəyənir.
    İki ölkə hər zaman bir-birinin yanındadır və olacaq. Əlbəttə ki, Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənməyə davam edir."

    - Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Milli Məclisin deputatı olaraq Qarabağın dirçəldilməsi və parlaq bir regiona çevrilməsi istiqamətində həyata keçirilən işlər və qarşıda duran vəzifələrlə bağlı nələri qeyd edərdiniz?


    Millət vəkili həm də əlavə edib ki, Azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb və uğurla davam edir. Hətta bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. kimi ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildirmişdilər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlamışdı və bu istiqamətdə əməkdaşlıqlar artıq başlayıb -

    "Azərbaycan xalqı və bütün dünya görür ki, bizim niyyətimiz həyatda öz əksini tapır.
    Bəli, azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyası və bununla bərabər bölgədə əhalinin kütləvi məskunlaşdırılması Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə göstərilmiş 5 milli prioritetdən biridir.

    Qeyd edim ki, ölkənin milli prioritetləri BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik” məqsədlərinə əsaslanır. Beləki, Azərbaycan dövlətinin ölkə rəhbərinin Qarabağın dirçəlişi, Qarabağla bağlı "ağıllı" planı parlaq gələcək vəd edir.
    Bununla bağlı dövlətimiz Qarabağ ərazilərimizin ağıllı şəhərlərə, ağıllı kəndlərə çevirmək üçün bütün resurslarını səfərbər etmək əzmindədir.

    Üstəlik, 1 milyon qaçqın və məcburi köçkünün ehtiyaclarının ödənməsinə, şəhid və qazi ailələrimizə də xüsusi diqqət ayırır. Azərbaycan Respublikası Prezidentinin Fərman əsasında yaradılan Qarabağ Dirçəliş Fondu bu yöndə işlər aparır və rolunu xüsusi vurğulamaq lazımdır. Bu yöndə sosial-iqtisadi layihələrə əsaslanan şəhərsalma ilə bağlı uzaqgörən planlar isə vaxtilə işğal altında olmuş, mənfur düşmən tərəfindən barbarcasına dağıdılmış Qarabağı inkişaf etdirəcək. Azərbaycan dövlətinin hədəfi Qarabağ regionunda dairəvi iqtisadiyyata keçidi sürətləndirməkdir. Bu gün, Azərbaycan dövləti mədəniyyət beşiyimiz olan Şuşanı - Qarabağı inkişaf, sülh və təhlükəsizlik platformasına çevirir və dünya buna şahidlik edir."

    - Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayırlar. Bu, bizi daha da gücləndirir. Əlbəttə ki, bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Qələbəmizi həzm edə bilməyənlər, qələbəmizin üstünə kölgə salmaq istəyənlərə mesajınız nə olardı?

    Millət vəkilinin sözlərinə görə, Bu gün, Azərbaycan dövləti dünyada ən gözdə tolerantlıq və multikulturalizm nümunələrindən biridir. Bunun bariz nümunəsi olaraq, Qarabağın son müharibə nəticəsində və 28 il boyunca işğal dövründə dağıdılmış müsəlman və xristian irsinin bərpası ilə bağlı həyata keçirilən və nəzərdə tutulmuş planlarında görürük -

    "Bəli, təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz qələbəni həzm edə bilməyən qüvvələr hələ də mövcuddur
    Ancaq qələbəmizi həzm edə bilməyənlər bilməlidirlər ki, milli birliyimizi heç kim poza bilməz. Bu danılmaz bir faktdır ki, II Qarabağ Zərəf tarixini yazmaqla Türk Dünyasının mənəvi və siyasi birliyini təmin edən müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevdir.

    Ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar əvvəlcə, dönüb öz tarixinə baxsınlar. Azərbaycan bəzi ölkələrdən fərqli olaraq öz torpaqları uğrunda öz ərazisində müharibə aparıb.

    Bundan əlavə, qələbəmizi həzm edə bilməyənlər müsəlman dövlətləri kimi Türkiyə və Pakistanın bölgədə artan nüfuzundan da narahatdırlar.
    Qələbəmizin üstünə kölgə salmaq istəyənlər unutmamalıdır ki, Azərbaycan bölgədə uzun müddətli sülhün tərəfdarıdır. Artıq qəbullanmalıdırlar ki, biz qalib ölkəyik, müzəffər xalqıq və öz torpaqlarımızı qanımız bahasına azad etmişik. Eyni zamanda, müstəqil Azərbaycan dövləti bölgədə söz sahibi olan bir ölkədir.
    Ən əsası, birmənalı olaraq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır – Qarabağ Azərbaycandır!"


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR