AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Maariflən, dəstək al, inteqrasiya ol”: Layihə çərçivəsində kompleks sosial dəstək və inteqrasiya

  • + A
  • - A
  • Bu gün, 16:20

    “Maariflən, dəstək al, inteqrasiya ol”: Layihə çərçivəsində kompleks sosial dəstək və inteqrasiya

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi çərçivəsində 2026-cı ilin avqust ayı ərzində hüquqi, psixoloji və peşə hazırlığı istiqamətlərini əhatə edən genişmiqyaslı fəaliyyət uğurla icra olunub.

    Layihənin əsas məqsədi həssas sosial qruplara aid qadınların, qızların və uşaqların bilik və bacarıqlarının artırılması, onların sosial inteqrasiyasının dəstəklənməsi, hüquqi maarifləndirilməsi, psixoloji dayanıqlığının gücləndirilməsi və peşə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

    “Maariflən, dəstək al, inteqrasiya ol!” layihəsi çərçivəsində iyun–avqust ayları ərzində layihə iştirakçılarına hüquqi, psixoloji və sosial dəstək göstərilib, onların peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təlimlər təşkil olunub.

    Hesabat dövründə layihə çərçivəsində ümumilikdə 49 nəfər müxtəlif istiqamətlər üzrə dəstək və xidmətlərdən faydalanıb. Onlardan 17 nəfəri qadın, 16 nəfəri oğlan, 13 nəfəri qız, 3 nəfəri isə insan alveri qurbanıdır.

    Bununla yanaşı, layihə iştirakçılarının sosial-iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 7 nəfərin işlə təmin olunmasına dəstək göstərilib. Hüquqi yardım çərçivəsində ümumilikdə 25 nəfərə dəstək göstərilib.

    Hüquqi xidmətlər fərdi məsləhətlərin verilməsi, hüquqların izahı, aidiyyəti məsələlər üzrə istiqamətləndirmə və sənədləşmə ilə bağlı dəstəyi əhatə edib. O cümlədən, 3 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlərlə bağlı yardım göstərilib. Psixoloji yardım istiqamətində isə ümumilikdə 57 xidmət qeydə alınıb.

    Psixoloji dəstək fərdi ehtiyacların qiymətləndirilməsi, emosional vəziyyətin stabilləşdirilməsi, təşviş və depressiya əlamətlərinin tanınması, ünsiyyət və sosial adaptasiya bacarıqlarının gücləndirilməsi istiqamətlərini əhatə edib.

    Layihə çərçivəsində hüquqi maarifləndirmə istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 65, 66, 67, 68, 69 və 70-ci maddələri, eləcə də “Vətəndaşların öhdəlik və vəzifələri, müraciət etmə qaydaları” mövzuları üzrə təlimlər keçirilib.

    Psixoloji maarifləndirmə proqramında isə “Depressiya və təşviş əlamətlərinin tanınması”, “Ünsiyyət bacarıqları” və iştirakçıların psixoloji dayanıqlığının, özünəinamının və sosial münasibətlər qurmaq bacarıqlarının inkişafına yönəlmiş digər mövzular əhatə olunub. İyun-avqust aylarında hüquqi və psixoloji maarifləndirmə istiqamətlərinin hər biri üzrə 8 təlim keçirilib və nəzərdə tutulmuş proqramlar uğurla yekunlaşdırılıb.

    Layihənin mühüm istiqamətlərindən biri iştirakçıların gələcəkdə öz gəlirlərini əldə edə bilmələri və əmək bazarına çıxış imkanlarının artırılmasıdır. Bu məqsədlə keçirilən peşə təlimlərində iştirakçılara saç ustalığı üzrə həm nəzəri, həm də praktiki bilik və bacarıqlar öyrədilib.

    Təlim proqramı çərçivəsində “Keratin və botoks prosedurları haqqında məlumat”, “Saç boyama texnikaları”, “Saç boyalarının növləri və tətbiq xüsusiyyətləri”, saç açma texnikaları – blond, balayaj və digər üsullar, eləcə də “Tonlama və rəng uyğunluğu” mövzuları üzrə praktiki məşğələlər təşkil edilib.

    Peşə hazırlığında əsas diqqət yalnız müəyyən texnikaların öyrədilməsinə deyil, iştirakçıların əldə etdikləri bacarıqlardan gələcəkdə məşğulluq və özünüməşğulluq vasitəsi kimi istifadə edə bilmələrinə yönəldilib.

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi hesab edir ki, həssas vəziyyətdə olan şəxslərin dayanıqlı inteqrasiyası yalnız birdəfəlik yardım göstərilməsi ilə məhdudlaşmamalıdır.

    Maariflənmə, psixoloji və hüquqi dəstək, peşə bacarığı və məşğulluq imkanlarının bir-birini tamamlaması şəxsin müstəqil həyata keçidini gücləndirən əsas amillərdəndir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR