İran 40 milyonluq azərbaycanlını özünə daxili təhlükə hesab edir - HƏQİQƏTƏN DƏ...
Son günlər Azərbaycanla İran arasında münasibətlər gərginləşib. İranın Azərbaycanın qanunlarını tanımayaraq Gorus-Qafan yolu ilə Qarabağdakı separatçılar və Ermənistanla qanunsuz iqtisadi əlaqələr saxlaması iki ölkə arasında vəziyyəti ciddiləşdirib. Rəsmi Bakının diplomatik notasına və İran səfirinə xəbərdarlığına baxmayaraq, Tehran yanlış addımlarını düzəltməyib, əksinə, Azərbaycan sərhədində hərbi təlimlər keçirərək, güc nümayiş etdirməyə cəhd göstərib.
Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bu qanunsuzluğa kəskin etirazını bildirib və İran rəhbərliyini Azərbaycanın müstəqilliyinə, suverenliyinə hörmət etməyə çağırıb. Ötən gün Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Tehrandan səsləndirilən ittihamları, xüsusən Azərbaycanın İranla sərhədə guya üçüncü ölkənin – İsrailin cəlb olunmasını cəfəngiyyat adlandırıb. Prezident İlham Əliyev isə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə gedib və İsrailin “Harop” zərbə dronları ilə tanış olub, ardınca isə İrana xəbərdarlıq edib: "Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq". Beləliklə, gərginlik artan xətt üzrə davam edir.
Bəs münasibətlərin gərginləşməsi iki ölkə arasında iqtisadi əlaqələrə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, münasibətlərin kəskinləşməsi ölkə iqtisadiyyatından yan keçməyəcək. Ekspert vurğulayıb ki, Azərbaycana İrandan tranzit olaraq Bəndər-Abbas portundan Çin malları gəlir:
"Təbii ki, bu, fonunda ölkədə olan Çin mallarının qiyməti qalxa bilər. Bundan əlavə İrandan təkcə kartof deyil, digər məhsullar da gəlir. Həmçinin, İranla Azərbaycanın birgə avtomobil istehsalı ilə bağlı əməkdaşlığı da var. Neftçalada yerləşən avtomobil zavodu İranla birgə layihədir. İranla bundan başqa digər əlaqələr də mövcuddur. Bunlardan biri də Naxçıvana quru yolun məhz İrandan keçməsidir. Bu ölkələrin qarşılıqlı da olsa bir-biri ilə əlaqələri mövcuddur və bu mövcudluq bu gün də var. İranda da bunu bilirlər. Məsələnin digər tərəfi indiki soyuq münasibətdə Azərbaycanın alternativ yolu nədir? Hazırda AZAL şirkəti Ermənistan hava məkanından Naxçıvana ilk uçuşunu həyata keçirdi. Bu o deməkdir ki, Ermənistanla nəqliyyat-kommunikasiya quruluşuna ilk təkandır. Bundan da İran kənarda qalacaq. Yəni İran tranzit gəlirlərini itirmək üzrədir. Tranzit gəlirlər sanksiyalar altında olan İrana çox vacibdir".
R.Qarayev qeyd edib ki, Ermənistandan quru sərhəd olaraq Naxçıvana keçid İranı logistika baxımdan Qafqazdan kənarda qoyur:
"Rusiya ilə əlaqə Azərbaycandan keçir. Ermənistana da dəhliz olduqdan sonra bir qism keçid Azərbaycandan olacaq. Demək olar ki, şimal hissədən İranın qapıları nəzarətə götürülür. Buna əsasən də, İran indiki mövcud vəziyyətdə sərhədləri dəyişmək olmaz deyirdi. Cənab İlham Əliyev Cəbrayılda görüş keçirərkən sual ünvanladı. Ermənistanın baş naziri Gorus Qafan yolunun Azərbaycan hissəsinə düşməyini qəbul etdiyi zaman, İran buna niyə etiraz edir? Burada hansı sərhədlər dəyişib? Niyə 30 ildə bununla bağlı qeydlər etmirdi? Azərbaycan Çin mallarını digər ölkələr vasitəsi ilə də əldə edə bilər: Gürcüstan, Rusiya. Amma bu, qiymət baxımdan ola bilər ki, yüksək olsun. Əslində Gürcüstandan ölkəyə bəzi Çin malları daxil olur. Amma bunun çəki əmsalı İrandan aşağıdır. İran Ermənistanı blokadadan çıxış yolu hesab edirdi, indi isə onun çıxış yolu Azərbaycan Zəfər əldə edəndən sonra daralıb. İranın Ermənistanı dəstəkləməsi həm də özünü daxili təhlükədən qorumaq üçündür. Daxili təhlükəni isə 40 milyonluq azərbaycanlılarda görürlər. Amma əslində bu, təhlükə deyil. Çünki o 40 milyonluq azərbaycanlı İranı öz ölkəsi sayırlar. Sadəcə, düzgün siyasət aparılmalı idi. Azərbaycanla əlaqələri yaxşılaşdırmaq lazım idi, çarəsiz və ac Ermənistanla yox. Qarabağ müharibəsində, müharibədən sonra da görünən o oldu ki, İran erməni istəyindən əl çəkən deyil.
Amma nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın nəzarəti altındadır və iqtisadiyyatını dirçəltmək üçün Türkiyə və Azərbaycanı qəbul etməyə məcburdur".