İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşəndən sonra keçirilən mətbuat konfransında olduqca maraqlı anlar yaşandığını artıq hər kəs müşahidə etdi.
Abdullahian İranın sərhədləri yaxınlığında “sionist və terrorçu” məsələsinə Rusiyanın münasibət bildirəcəyini gözləyirdi. Əvəzində isə tamamilə fərqli bir reaksiya ilə qarşılaşdı.
Əvvəla, Lavrov Qarabağda atəşkəs əldə edilməsində Kremlin rolunu bir daha xatırladıb, Cənubi Qafqazın hələ də Rusiyanın təsir dairəsində olduğunu birbaşa elan etdi.
İkinci, iranlı nazirə və deməli, İranın yeni rəhbərliyinə Qafqazda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmalı olduğu haqda qəti mövqeyini çatdırdı və Tehranın Gorus-Qafan yolunun 21 km-lik hissəsinin Azərbaycanın nəzarətində olmasına etirazını əks etdirən “sərhədlərin dəyişdirilməsi yolverilməzdir” “bəndinin” üstündən qalın şəkildə xətt çəkdi.
Üçüncüsü, İranın Qafqazdakı yeni reallıqdan daha çox mənfəət əldə etmək cəhdinə qarşı çıxdığını, “3+3” platformasının Tehrana verilən ən yaxşı dəyər olduğunu, bundan çoxuna iddianın mənasızlığını başa saldı.
Bu görüş 4 oktyabrda Cəbrayılda Azərbaycan Prezidentinin İran və Gürcüstansız, yəni “dördlük platforma” olsa belə, bu formatın çalışacağını bildirməsinin təsadüf olmadığını bir daha sübut etdi – zatən, İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox gözəl bilir! Lavrov “3+3” formatına İranın müsbət yanaşdığını mətbuat konfransında özü dedi və bunun Abdullahianın dilə gətirməməsi, məhz Rusiya tərəfindən səslənməsi formata İranın məcbur qaldığının göstəricisi idi.
Dördüncüsü, İran digər məsələlərlə bağlı müxbirləri vasitəsilə Lavrovdan “etiraz” almağa cəhd göstərdi. İranlı müxbir regionda “bəzi qüvvələrin” İranın həyati maraqlarına “zərbə vurmağa” çalışdığını deyib ad çəkdi: Azərbaycan-Türkiyə-Pakistan təlimi və Xəzərdə türkiyənin Azərbaycanla birgə dəniz təlimi keçirməsini “yada saldı”.
Məqsəd aydın idi: İran əvvəlcədən hazırlanmış suala Rusiyanın kəskin etirazını almaqla, heç olmasa, ictimai müstəvidə informasiya təbliğatını aparmağa ümid edirdi.
Lavrov isə bu suala cavabla əslində İranı ən ağır şəkildə ittiham etdi və belə demək mümkünsə, diplomatik dildə bundan kəskin cavaba nadir halda rast gəlinir – baxmayaraq ki, Lavrov bir çox hallarda diplomatik dili unudur.
Lavrov Xəzərdə təlimlərə toxunmadan, İranın Xəzər Konvensiyasını ratifikasiya etməsi haqda danışdı. Başqa cür desək, İrana başa saldı ki, Xəzərdə 5 sahil dövlətindən başqa qüvvələrin təlimə cəlb edilməsini yasaqlayan Xəzər Konvensiyası hələ qüvvəyə minməyib, ona görə ki, İran bu konvensiyanı ratifikasiya etməyib. Nə vaxt ratifikasiya edərsə, o zaman bu saziş beynəlxalq hüquqi akta çevriləcək və yalnız onda Azərbaycan-Türkiyə təliminə etiraz edə bilərsiniz.
Bu, İranın Azərbaycanla Türkiyənin Xəzərdəki təliminə reaksiyasına verilən lakonik və hüquqi-diplomatik cavab idi.
Ancaq Lavrov bununla yetinmədi.
Regionda hərbi aktivliyi pisləyən Lavrov “Azərbaycan da son 30 ildə ilk dəfə olaraq sərhədləri yaxınlığında İranın hərbi təlim keçirməsindən narahatdır” sözü ilə əslində Türkiyə-Azərbaycan-Pakistan təliminə deyil, İranın Qafqaz siyasətində hərbi ritorikadan istifadəsinə etiraz etdi.
Və ən mühüm məqam: Lavrov suala cavab verəndən sonra müxbirin “intervü verməsi” məsələsinə toxundu və iranlı jurnalistin etikadankənar hərəkətinə kəskin etirazını bildirdi. Əlbəttə, bir diplomat mətbuat konfransı getdiyi zaman canlı reportaja çıxan müxbirin bu hərəkətinə göz yuma da bilərdi. Ancaq Lavrov buna biganə qalmamaqla, əslində, iranlı müxbirə deyil, “iranvari suala” əsəbini ortaya qoydu.
Digər ən maraqlı məqam isə Abdullahianın yenidən “sionist və terrorçu” məsələsinə toxunması zamanı Lavrovun qəti hərəkətlə qulaqcığını çıxarıb, etirazını jestləri ilə bildirməsi idi.
İranlı nazirin sözügedən qısa nitqi artıq rus mediasının mətbuat konfransından hazırladığı reportajlarda qayçılanaraq Yutuba yerləşdirilir. Bu isə həmin epizoda Rusiyanın “arzulanmaz hal” kimi yanaşdığının və İrana etirazının nəticəsi olaraq dəyərləndirilə bilər.
Görünür, məhz bundan sonra Abdullahian Rossiya-24-ə müsahibəsində “mehriban qonşuluq jesti” olaraq ilk fürsətdəcə Azərbaycana və Ermənistana səfər edəcəyini, azərbaycanlı həmkarının da erməni həmkarı Mirzoyanın ardınca Tehrana gəlməsindən “şad olacağını”, İranın hər iki şimal qonşusu ilə dostluq münasibətində olduğunu, bir qonşusu ilə digərinə qarşı fəaliyyət göstərmədiyini – yəni guya Azərbaycana qarşı hərbi fəaliyyətdə Ermənistanı dəstəkləmədiyini, – “balanslaşmış siyasət” apardığını dedi.
Bu, hətta mətbuat konfransında İranın və iranlı jurnalistlərin ritorika və mövqeyindən qəti şəkildə fərqlənirdi.
İşğaldan azad edilən ərazilərimiz yaxınlığında hərbi təlimə başlayarkən məhz işğaldan azad edilmiş torpağa gedib, ordan İranın mövqeyini bölüşmədiyini bildirən və “Harop”un başını sığallayan Azərbaycan Prezidenti Bakı ilə hədə dilində danışmağa kimsənin haqqı olmadığını, İranın təliminə ordu ilə deyil, təkbaşına siyasi cavab verməklə, Tehranın bir ətək pul xərcləyib keçirdiyi təlimin siyasi məqsədini - hələ təlim bitməmiş - puç eləmişdi.
Bakı haqlı çıxdı, İran Moskvada Azərbaycanın ədalətli siyasətinə təslim oldu.
Əlbəttə, Azərbaycan heç bir qonşusu ilə problem istəmir, xüsusilə əhalisinin yarısı azərbaycanlı olan İranla. Regiondakı dövlətlərin maraqları da nəzərə alınmalıdır və alınır da.
İranla heç vaxt “mehriban qonşuluq” olmayıb, biz yalnız “mehriban düşmən” olmuşuq və indi də münasibətlər “mehriban düşmən” müstəvisinə geri qayıtdı.
Lap yaxşı – informasiya savaşını qaldırıb, yeni reallığı qəbul etməyə məcbur olan “mehriban düşmən”lə qonşuluğa və işbirliyinə davam edək...