Avqustun 5-də Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə “QHT sektorunda rəqəmsallaşma və innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında rəqəmsallaşmanın artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əvəzolunmaz tərkib hissəsinə çevrildiyini bildirib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT-lərinin Platformasının Baş katibi Azər Allahverənov qeyd edib ki, rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarəetmə modelinə malik olur, cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı bildirib ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi' informasiya sisteminin yaradılması üzrə intensiv iş aparılır. Bu informasiya sistemi QHT-lərin dövlət dəstəyi ilə bağlı bütün müraciət, qiymətləndirmə, maliyyələşdirmə, icra, monitorinq və hesabatlılıq proseslərinin tam elektron mühitdə idarə olunmasını təmin edəcək. Beləliklə, qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq: “Yaxın vaxtlarda bu Sistemin əsasnaməsinin də qəbul edilməsi gözlənilir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli 560 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsi üzrə “bir pəncərə” prinsipi əsasında mexanizmi müəyyən edib. “Bir pəncərə” prinsipi əsasında bütün proses rəqəmsal formada və süni intellektin imkanlarından geniş istifadə ilə təşkil olunacaq. QHT-lərlə qrant müqavilələri imzalandıqdan sonra müqavilələrin qeydiyyata alınması və qeydiyyata alınma haqqında bildirişlərin verilməsi prosesinin də “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminə inteqrasiyası nəzərdə tutulur. Bu, qeydiyyata dair bildirişlər üzrə kağız sənəd dövriyyəsinin aradan qalxması deməkdir”.
Bundan başqa, QHT Agentliyinin nümayəndəsi bildirib ki, süni intellektin məhsulları olan plagiat proqramları, üztanıma tətbiqləri layihələrin ekspertiza prosesini xeyli sürətləndirib.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə rəqəmsal medianın və yeni texnologiyaların vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlardan danışıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev vurğulayıb ki, QHT-lərin innovativ idarəetmə alətlərindən istifadəsinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqi prioritet istiqamətlərdir.
Müzakirələr zamanı QHT-lərdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, kibertəhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları, elektron iştirakçılıq mexanizmləri və innovativ layihə idarəetmə həlləri ilə bağlı fikir mübadiləsi aparılıb və bu istiqamətdə dövlət-QHT-özəl əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib