Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının nümayəndələri və bir qrup YAP-çı gənclər Hərbi Qənimətlər Parkında 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, YAP Masallı rayon təşkilatı nümayəndələri Vətən müharibəsi Qaziləri və veteranları ilə birlikdə Zəfər tarixinin 1-ci ildönümü münasibətilə, “Qənimətlər Parkı”nı ziyarət ediblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğulayıb. Bildirib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyidir. “Burada vətəndaşlarımız İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə turistlərin ölkəmizə səfəri zamanı bu açıq muzeylə tanışlıqları onlara da imkan yaradacaq ki, şanlı tariximizlə daha yaxından tanış olsunlar. Hesab edirəm ki, bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.”
Xatırladaq ki, Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.
Qeyd edək ki, YAP Masallı rayon təşkilatı nümayəndələri
Parkda tanınmış və dəyərli Türk sənətçisi Esat Kabaklı ilə görüşüblər.
Allah bütün Şəhidlərimizə Rəhmət eləsin!
ZƏFƏRİN MÜBARƏK CAN AZƏRBAYCAN!
Ülkər Piriyeva