Videokonfransı YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açmış, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Rövşən Əhmədov Azərbaycan xalqının dahi oğlu, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri barədə geniş məruzə edərək demişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan insan kimi qalmışdır. Xalqımızın çoxəsirlik tarixində mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada Ulu Öndər xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa sandığımız ən böyük Azərbaycanlı idi. Çox böyük qürur hissi ilə Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. XX və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına mayak kimi istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Ulu öndər hər bir görüş və çıxışlarında qeyd edirdi ki, zaman gələcək müstəqil Azərbaycan iqtisadi-siyasi və hərbi cəhətdən güclü bir dövlətə çevriləcəkdir. Hər bir Azərbaycan vətəndaşının ağrılı yeri olan Qarabağımız Erməni işğalından azad olunaraq öz sahiblərinə qaytarılacaqdır. Ötən ilin 27 sentyabrda başlayanvə cəmi 44 gün davam edən vətən müharibəsində əldə olunan möhtəşəm qələbə Ulu Öndərin arzularının həyata keçirdiyinin parlaq təcəssümüdür.
Videokonfransda ADPU-nun Ağcabədi filialının kafedra müdiri, Pedoqoqika üzrə fəlsəfə doktoru Tahir Kərimli, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Mamedov, şəhər 9 saylı məktəbin müəllimi Vüsalə Əliyeva, 2 saylı YAP ərazi ilk təşkilatının sədri Mehdi Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı təkrarolunmaz xidmətləri barədə danışmış,ölkəmizin hərtərəfli inkişafı, Qarabağın işğaldan azad olunması barədə ideyalarının onun siyasi varisi Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildiyini, işğaldan azad edilən ərazilərdə böyük bərpa və quruculuq işlərinin başlanmasından qürurla söhbət açmışlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.