Azadmedia.az xəbər verir ki, Millət vəkilləri Məşhur Məmmədov və Anar İskəndərov 44 günlük Vətən müharibəsinin Masallı rayonu Tatyanoba kənd Şəhidi çavuş Lətifov Rəşid Güləhməd oğlunun ailəsinə baş çəkiblər.
Millətvəkilləri Məşhur Məmmədov və Anar İskəndərov xidməti vəzifələri ilə əlaqədar olaraq, şəhidin il mərasimində iştirak edə bilməsələr də, bir gün öncə Tatyanoba kəndində şəhidin ailəsinə baş çəkib, ailə üzvlərinə və yaxınlarına baş sağlığı verib, ruhuna dualar oxuyublar. Eyni zamanda, Rəşidin döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətindən bəhs olunub.
Millət vəkilləri həmçinin şəhid ailəsi və yaxınları ilə görüşdə bildiriblər ki, vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş Rəşid kimi gənclərimizlə bu gün dünyadakı bütün soydaşlarımız fəxr edir və onların ruhu qarşısında baş əyirlər.
Tərəqqi edən, böyüyən gəncliyimiz bu cür qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir deyən millət vəkilləri vətən torpaqları uğrunda canından keçən qəhrəmanlarımızın, şəhidlərimizin əbədilik Azərbaycan tarixində yaşayacağını vurğulayıblar.
Nəzərinizə çatdıraq ki, Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirmişdir.
Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov, 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. Murovdağ istiqamətində gedən döyüşlər də iştirak edən Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlamışdı. 93-cü gün şəhid xəbəri gəlmişdi. Şəhidlik zirvəsinə ucalan çavuş Rəşid Lətifovun nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
Qeyd edək ki, Masallıda dəfn olunan şəhidlərdən 46-cısı olan çavuş Rəşid Lətifovun il mərasimi 29 dekabrda keçirildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!