Şəhid əsgər Cəbrayıl Qasımovun anım mərasimi olub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 09 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Ərəb kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Cəbrayıl Baloğlan oğlu Qasımovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Professor Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
İcra başçısı Ş.Məmmədov geniş məruzəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Cəbrayılın qəhrəmanlıq yolundan danışıb.
Qeyd edək ki, Cəbrayıl 19 iyul 1996-cı ildə Masallı rayonunun Ərəb kəndində anadan olub.
2002-ci ildə Masallı şəhər Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub.
2013-cü ildə həmin məktəbi bitirib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan "Yeni həyat" qəzetinin əməkdaşı xəbər verir ki, Cəbrayıl orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi davam etdirib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunub.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək 24 yaşında şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 9 oktyabr 2020-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Masallı rayonunun Ərəb kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Cəbrayıl Qasımov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.
Həmçinin, il mərasimində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid əsgər Cəbrayıl Qasımovun adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və icra başçısına dərin minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva