Bölgələrdə, eləcə də paytaxt Bakıda ət kəsimi məntəqələrində dana və quzu ətinin qiyməti bahalaşıb.
Əvvəl kiloqramı 11 manata satılan dana əti indi 13-14 manata, 14 manata satılan quzu əti isə alıcılara 15-16 manata təklif edilir. Ət kəsimi ilə məşğul olan şəxslər qiymət artımını təsdiqləyib.
Onlar bunun səbəbini son günlər iribuynuzlu diri heyvan tapmağın çətinliyilə əlaqələndiriblər.
Bundan əlavə, satıcılar əvvəl dana ətinin topdansatış qiymətinin 9,5-10 manat olunduğunu, hazırda isə 11,5 manata qaldırıldığı üçün pərakəndə qiymətlərə azı 2 manat əlavə etməyə məcbur olduqlarını bildiriblər.
Bəzi satıcılar qış aylarında yaşanan quzu qıtlığı və bölgələrdən quzunu indi baha qiymətə aldıqlarını əsas gətiriblər.
Fermerlər də qiymətin yerində artdığını təsdiq edib. Onların sözlərinə görə, son günlər yaşanan qiymət dəyişiklikləri, xüsusilə ot və yemin baha olması səbəbindən quzuların qiymətləri qalxıb. Yaxın aylarda isə quzu ətinin ucuzlaşacağının gözlənilmədiyi söylənilir.
Qeyd edək ki, paytaxt Bakının bəzi ət kəsimi məntəqələrində quzu ətinin qiyməti hətta 17 manata təklif olunur. / Modern.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.