Yanvarın 26-da Azərbaycan Futnet Federasiyasının (AFNF) 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat konfransı keçirilib.
Azadmedia.az xəbər verir ki, konfransda Azərbaycan Futnet Federasiyasının prezidenti Vüsal Xəlilov, Gənclər və İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov, Federasiyanın baş katibi Əfqan Həmzəyev, hakim Gülağa Qurbanov, Futvole, Futtennis, Teqbal oyunçuları və media nümayəndələri iştirak ediblər.
İlk növbədə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra federasiyanın ümumi fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.
Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov
Belə ki konfransda çıxış edən Dünya Futvole Federasiyasının prezidenti seçilən Vüsal Xəlilov ötən ilin AFNF üçün uğurla keçdiyini, hesabat dövründə 5 beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu iştirakçıların diqqətinə çatdırıb, həmçinin bu istiqamətdə çox çalışmalı olduqlarını da vurğulayıb. O eyni zamanda, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən idmana və idmançılara göstərilən qayğıdan danışaraq, ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
AFNF-in Baş katibi Əfqan Həmzəyev
Daha sonra federasiyanın Baş katibi Əfqan Həmzəyev 2021-ci ildəki fəaliyyətin yekunları barədə hesabat məruzəsi ilə çıxış edib. Baş katib Əfqan Həmzəyev - 2017-ci ildə yaradılan AFNF-in tərkibində idmanın 3 növü - Futvole, Futnet və Teqbolun birləşdirdiyini qeyd edib. Həmçinin bildirib ki, keçən il, federasiyanın təşəbbüsü ilə Beynəlxalq Futvole Federasiyası təşkil olunub. Hazırda, beynəlxalq təşkilata Vüsal Xəlilov rəhbərlik edir. Ə.Həmzəyev, dünyada 50 milyondan artıq insanın idmanın bu növü ilə məşğul olduğunu, bir sıra dünyaca məşhur idmançıların da bu idman növlərinə böyük maraq göstərdiklərini vurğulayıb.
O, həmçinin Beynəlxalq Futvole Federasiyasının bir neçə beynəlxalq təşkilata üzv olması istiqamətində də işlərin aparıldığını və əsas hədəfin Dünya Çimərlik Oyunlarında təmsil olunmaq olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov
Konfransda çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov AFNF-in işini dəyərlənirərək ölkəmizdə futtennis və futvole idman növlərinin inkişafına böyük töhfə verdiyini bildirib. A.Məmmədov eyni zamanda, Azərbaycan millisinin beynəlxalq yarışlardakı çıxışlarını da yüksək qiymətləndirib.
Şəhid ailələri və ASAN könüllüləri departamentinin rəhbəri S.İbrahimov da çıxış edərək, 2 Fevral - Futnet - Teqbol turnirinin olcağı barədə məlumat verib və 60 minə yaxın könüllü gənci öz ətrafında birləşdirən könüllülər departamentinin də turnirə mənəvi dəstək verəcəyini bildirib.
Bundan əlavə, federasiyanın 2021-ci ildə futtennis və futvole idman növləri üzrə gördüyü işlərlə bağlı ayrıca hesabat təqdim edilərək keçirilən yerli və beynəlxalq yarışlar barədə videoçarxlar nümayiş olunub. 2022-ci il üçün keçiriləcək yarışların qrafiki və tədbirlərin vaxtları açıqlanıb. Yekunda futtennis, futvole və teqbal üzrə müxtəlif nominasiyalarının qalibləri bir sıra mükafatlar, sertifikat və diplomlarla təltif edilib, bununla yanaşı, federasiyanın işinə media dəstəyi verən televiziya kanalları və xəbər portallarının əməkdaşlarına hədiyyələr təqdim edilib.
Həmçinin, AFNF tərəfindən Azadmedia.az xəbər portalını təmsil edən Baş redaktor və Türkiyə Cümhuriyyəti 1453Kral Medya-nın Azərbaycan nümayəndəsi Ülkər Piriyevaya da hədiyyə təqdim edilərək, federasiyanın işinə verdikləri media dəstəyinə görə təşəkkür edilib.
Sonda təşkil edilən mətbuat konfransında federasiyanın Baş katibi Ə.Həmzəyev mətbuat nümayənlərinin suallarını cavablandırıb. Qeyd edək ki, Azərbaycan Futnet Federasiyasının illik yekunlarına dair həsr etdiyi hesabat konfransında aşağıdakı nominasiyalar üzrə qaliblər müəyyənləşib.
Futvole Ən yaxşı məşqçi - Elvin Quliyev Ən yaxşı komanda - "Ağdam" Ən perspektivli gənc - Nurlan Mehdizadə Ən əzmkar oyunçu - Orxan Məmmədov Ən yaxşı oyunçu - Fəyar Hüseynov
Futtennis Ən yaxşı məşqçi - Əhməd İbrahimov Ən yaxşı komanda - ASTA Ən təcrübəli oyunçu - Anar Həsənov Ən yaxşı oyunçu - Elxan Cəbrayılov
Teqbal Ən yaxşı məşqçi - Yadigar Həmidov Ən yaxşı komanda - "Marafon" Ən yaxşı oyunçu - Orxan Əliyev
Federasiyaya texniki və təşkilati dəstək göstərən - Rövşən Bağırov və Emil Məmmədov Ən aktiv könüllülər - Kənan Mirzəyev və Əhməd Məmmədov
Ən təcrübəli oyunçu - Namiq İsgəndərov Ən yaxşı - Tərlan Məstiyev Ən gənc hakim - Mətin Həmzəyev