İstanbulda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının iclası keçirilib.
Azadmedia.az-a verilən məlumata görə, 9-11 fevral 2022-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının iclası təşkil olunub. Tədbirdə açılış nitqi ilə TDT Konseyinin Baş katibi Bağdad Amreyev çıxış edib. TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk dövlətlər Təşkilatının regionda və dünyada getdikcə mühüm iştirakçıya çevrildiyini qeyd edib.
Ağsaqqallar Şurasında Azərbaycan təmsilçisi Həsən Həsənov 2019-2021-ci illərdə ölkəmizin sədrliyi dövründə TDT-nin fəaliyyəti ilə bağlı məlumat vərərək, bu müddətdə üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdiyini və təşkilatın beynəlxalq müstəvidə rolunun artdığını bildirmişdir. Həmin dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşünün keçirildiyini söyləyib.
Həsən Həsənov bildirmişdir ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində və ərazi bütövlüyünün bərpasında tarixi qələbəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Türk dünyasının ali ordeni” ilə təltif edilməsi Azərbaycan xalqı tərəfindən böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb. Hər birimiz fəxr edirik ki, bu yüksək mükafat türk dövlətlərinin rəhbərlərinin kollektiv qərarı, Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın təşəbbüsü ilə təqdim olunub.
Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsini uğurla başa vurması nəticəsində bu gün Qarabağ öz tarixi ruhunu dirçəldir. Biz bu qələbədə, bu dirçəlişdə fəal iştirak edən bütün qardaş türk dövlətlərinə minnətdarıq. Bu il Şuşanın müstəqil Qarabağ xanlığının paytaxtı olmasının 270 illiyi tamam olur. Bu yubileyə 30 illik işğalı zamanı ona vurulan yaraları sağaldaraq hazırlıq aparılır.
Həsənov qeyd etdi ki, Qarabağın və onun tarixi paytaxtı Şuşa şəhərinin yerləşdiyi Azərbaycanın Kür-Araz çay-arası ərazisi qədim zamanlardan türk sivilizasiyasının beşiyi olmuşdur. Tarixi mənbələr bildirir ki, burada, hələ 2700 il əvvəl bütün müasir türk xalqlarının ortaq əcdadları – sakla r- skiflər yaşayıblar.
Eyni zamanda, iclasda Təşkilatın Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü İkram Adırbek, Qırğızıstandan olan üzvü Mədətxan Şehrimkulov və Özbəkistandan olan üzvü Bəxtiyor Sayfullayev çıxış ediblər.
Tədbirin sonunda Təşkilatın Ağsaqqallar Şurasının üzvləri tərəfindən “Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 12-ci iclasının Protokolu” qəbul edilib.
12 fevral 2022-ci ildə Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərini qəbul edərək onları salamlayıb. Görüşdə Binəli Yıldırım çıxış edərək, Ağsaqqallar Şurasının iclası və müzakirə olan məsələlər barədə məlumat verib.
Həsən Həsənov səmimi qəbula görə Rəcəb Təyyib Ərdoğana təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan xalqı 44-günlük Vətən müharibəsində Sizin mənəvi və siyasi dəstəyinizi heç zaman unutmayacaqdır. Sizin "Yanınızdayıq" sözünüz və cənab İlham Əliyevlə birlikdə dayanmanız bir bayraq olaraq Azərbaycanı dolaşdı. Bu, artıq, əbədi olaraq tarixə yazıldı. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri indi tarixdə görünməmiş zirvədədir. Cənab İlham Əliyevin və cənab Rəcəb Təyyib Ərdoğanın uğurları xalqlarımızın problemlərinin həll edilməsində və xalqlarına güvənmələrindədir. Budur müvəffəqiyyətin əsası.
Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğan qəbulda Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulamışdır. Sonda Rəcəb Təyyib Ərdoğan Ağsaqqallar Şurasının üzvləri ilə birgə foto çəkdirilib
Ülkər Piriyeva