Masallı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Ərkivan 2 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar”, “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, narkotik vasitələrin, erkən nikahların səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər.
Belə ki, maarifləndirici tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr barədə məlumat verərək, bu istiqamətdə maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Müzakirələrdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları narkomaniyanın, dini radikalizmin fəsadlarından söz açıb, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Ülkər Piriyeva