“Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları” maarifləndirmə tədbiri olub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallıda “Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Belə ki, Rayon Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə Bambaşı kənd şəhid Cavanşir Qasımov adına tam orta məktəbində təşkil olunan tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azadəli Vəliyev çıxışında toxunulan aktual mövzu ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib: “Məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara göstərdiyi etimadı doğrultmağa çalışmalıdır...”
Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Elşən Talıbov, RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Samir Əliyev, rayon təhsil şöbəsinin baş məsləhətçisi Hörmət Balakişiyev pespublikanın hər yerində olduğu kimi rayonda da narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizənin hər zaman diqqət mərkəzində olduğunu, bu yönümdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıblar.
Çıxışlarda dini radikalizm və ekstremizmin cəmiyyətimizə, narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan danışılıb, erkən nikahların dövrümüzün böyük problemlərdən olduğu, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırılıb.
Qeyd edək ki, tədbirdə mövzu ilə bağlı videoçarx izlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Ülkər Piriyeva