Cənab Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onu böyük səmimiyyətlə sevən Azərbaycan xalqının ürəyincə olmuşdur. Mehriban xanım Əliyevanın adı xeyli sayda xeyriyyə və mədəni tədbirlərlə, beynəlxalq idman yarışları ilə və Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq üçün etdiyi inqilabi əməllərlə bir yerdə anılır. Bu baxımdan da o, haqlı olaraq sadəcə Azərbayacanın deyil, dünyanın ən nüfuzlu qadınlarından biri hesab olunur.
Mehriban xanım Əliyeva hələ Milli Məclisin deputatı kimi fəaliyyət göstərərkən daim milli maraqları uca tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib.
Azərbaycan dövləti sosialyönümlü dövlətdir və hər zaman vətəndaşların, xüsusilə də həssas əhali qrupundan olan şəxslərin sosial-rifah halı diqqət mərkəzində saxlanılır. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində keçirilən monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında əhalinin xidmətində olan uşaq tərbiyə müəssisələrində təxirəsalınmaz problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil etmişdir. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Respublikada uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal şərait yaradılmış və təzə avadanlıqla komplektləşdirilmişdir. Daha sonra ölkəmizin on ucqar kənd yerləri daxil olmaqla, müasir kompüterlər təchiz edilməklə məktəb binaları tikilib istifadəyə verilmişdir. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan, Zirə və sairə qəsəbələrdə geniş tikinti abadlıq işləri həyata keçirilmişdir. Küçələr qaydaya salınmış, bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi bərpa və təmir olunmuşdur.
“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Mehriban Xanım Əliyeva
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə