AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Novruz XOŞBƏXT -90

  • + A
  • - A
  • 16-03-2022, 11:10

    Novruz XOŞBƏXT -90

    Nurəddin ƏDİLOĞLU yazır:

    Bir şair tanıyırdım, Novruz Xoşbəxt adında...


    Hər il Novruz bayramı ərəfəsində mən Novruz müəllimi xatırlayıram. Novruz müəllim - Abdullayev Novruz Məmmədəli oğlu 21 mart 1932-ci ildə - Novruz bayramında Masallı rayonunun Musaküçə kəndində dünayaya göz aşmışdı.
    Ötən əsrin 70- illərindən tanıdığım “Xoşbəxt” təxəllüsü ilə şeirlər yazan Novruz müəllim əsl şairə xas olan bütün keyfiyyətlərə malik idi; yeriyəndə, söhbət edəndə, nəsihət verəndə belə poeziya ilə nəfəs alardı:

    Şeirlərim su içib
    Ürəyimin qanından.
    Onları vicdan əhli
    Tapdalamaz heç zaman…

    Və yaxud:

    Bülbül nəğməsindən məst olur bağlar,
    Qızılgül başına qızıl tac qoyur.
    Söhbət elədikcə yaşıl yarpaqlar,
    Ürəyim ən ülvi bir şeir duyur…


    Novruz Xoşbəxt anadan olduğu ildə Masallıda “Yeni həyat” qəzeti nəşrə başlamışdı. Rayonun ictimai-mədəni həyatında mühüm rol oynayan qəzetin bir çox müasirləri kimi onda da bədii yaradıcılığa yeniyetmə yaşlarından maraq oyatmışdı. Oxucusu olduğu, sonralar isə məqalə və şeirlərinin dərc olunduğu bu mətbu orqanın nəzdində ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi. 50-ci illlərdə Məmməd Kazım, Şulduz Tarıverdiyev, Beytulla Əliyev, Adəm İzzətoğlu (Qızılbaşlı), Əyyub Xankişiyev, Xudakərim Fərzəliyev (Xudakərim Məftun) və başqalarının şeirləri qəzetin şənbə səhifələrində dərc olunurdu. Novruz Xoşbəxtin "Çayçı qızlar" adlı ilk şeiri 1957 -c i ildə "Yeni həyat” qəzetində çap olunanda tələbə idi. Yeri gəlmişkən, qeyd edim ki, “Azərbaycan xalq mahnıları və oyun havaları” toplusuna Novruz müəllimin şifahi xalq ədəbiyyatımızdan topladığı bəzi nümunələr daxil edilmişdir. Novruz müəllim 1961-ci ildə BDU-nun filologiya fakültəsini bitirdikdən sonra əvvəl Masallının Sərçuvar, sonra doğma kəndi Musaküçədə dil-ədəbiyyat müəllimi işləyə-işləyə “Yeni həyat”la, 1965-ci ildən isə nəşrini “Çağırış” adı davam etdirən rayon qəzeti ilə sıx əməkdaşlıq etdi, ştatdankənar müxbir kimi fəaliyyət göstərdi.
    O zaman “Çağırış” qəzeti 60-70-ci illərdə rayonun qələm sahibləri arasında ünsiyyət yaradan gözəl bir mətbu orqana çevrilmişdi. Qəzetin redaktoru tanınmış şair Vaqif Hüseynov idi. Mən hələ orata məktəbdə oxuyanda bu qəzetdə məqalə və şeirləri dərc olunan müəlliflərin çoxunu imzası ilə tanıyırdım. Əslində buna qiyabi tanışlıq da demək olardı və o zaman müəliflərin şəkilləri qəzetdə qərc olunmadığına görə küçədə rast gəlsəydin belə heç birini üzdən tanımazdın.
    Bir dəfə “Çağırış”da Novruz müəllimin “Günəşin övladları” adlı maraqlı bir məqaləsini oxudum. Yazı zəhmət adamlarından – tərəvəzçı qızlardan bəhs etsə də, müəllif onu çox poetik üslubda qələmə alınmışdı. O vaxtacan qəzetdə mənim kiçik həcmlı bir neçə yazılarım dərc olunmuşdu. Bu yazı ilə tanış olanda qəlbimdən bir istək keçdi. “Görəsən mən də belə geniş, həm poetik məqalə yaza bilərəmmi?!”
    Hərbi xidmətdən qayıdandan sonra universitetin jurnalistika fakültəsinə qəbul oldum. Novruz müəllimlə əyani tanışlığım da həmin vaxtlardan başladı. Məsafəsindən asılı olmayaraq onunla Masallıda piyada gəzib-dolaşdığımız günlər yadıma düşür... Belə məqamda o, çox maraqlı şöhbbətlər edər, sinədən şeirlər söyləyərdi. Bəzən elə olurdu ki, mən Novruz müəllimi uzaqdan seyr edərdim. Kimi ona şair, kimi müəllim deyə müraciət edər, salam verib, hal-əhval tutardı. O isə könlündə qanad açıb, pərvazlanan misralarını sanki hürkütmək istəmir, sakitcə salam alıb, tək-tənha yoluna davam edərdi...
    Elə də olurdu ki, mənim yanımdan sakitcə ötüb-keçirdi. Amma mən onu öz dünyasından-söz dünyasından ayırmağa cəsarət etmirdim. Sadəcə, gözdən itənəcən onu müşahidə edər, canlı bir şair obrazını yaddaşıma köçürərdim.
    Bir dəfə küçədə başını qaldıranda mənim ona necə dinməzcə baxdığımı gördü. Mərkəzi Əmənət Kassasının qabağında dayanmışdım. Soruşdu ki, sən burada işləyirsən? Dedim, nə edim, ixtisasıma uyğun iş tapa bilmirəm. O, mənə “sən bura aid deyilsən, gül kimi qələmin var”-dedi. Və diqqətlə “bizim idarəyə” baxdı. Bu zaman inkassator bankdan gətirdiyi pul kisələrini maşından götürüb içəri aparırdı. Novruz müəllim pul kisələrinə baxıb, başını buladı və bir olan Allah bilir, qəlbində o an kimi nəzərdə tutaraq, bədahətən bu rübaini dedi:

    Sən yığ, sandığına var qucaq-qucaq,
    Mən şer çinləyim sandığa ancaq.
    Görək hansımızın yığdığı sərvət,
    Bu dünya durduqca çox yaşayacaq?
    !

    Kommunist partiyasının necə deyərlər, lap “büro-büro” vaxtlarında Novruz müəllim bir ziyalı kimi sabaha ümidini itirmədi, mübarizlik əzmindən əl çəkmədi. Satirik şeirlərində o zamanənin antipodlarını tənqid atəşinə tutdu, əliəyilərə həcvlər yazdı. Bir vətəndaş şair kimi insanların laqeydliyi ilə üzləşən təbiətin, ətraf mühitin taleyindən narahat idi. Bu narahatçılıq onun şeirlərində hiss olunurdu:
    Meşədə tüfəng atma,
    Turac səksənə bilər,
    Kəklik perikə bilər,
    Ağac diksinə bilər...


    Növruz müəllim 54 il ömür sürdü. Amma sözü də bu gün yaşayır, özü də xatırlanır... Əgər mənə sual etsələr ki, 70 - 80 – ci illərin əyalətdə yaşayan əsl şair obarazını necə təsəvvür edirsən? Mən deyərdim ki, məhz o illərin əsl şairlik “qiyafəsi” Novruz müəllimin boyuna biçilmişdı, şairlik onun taleyinə həm ağrıynan-acıynan, həm də şərbətnən, südnən yazılmışdı...

    Ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən Novruz müəllim sağlığında çox arzulasa da şeirlərinin kitab halında nəşrini görmək ona nəsib olmadı. Oğlu İlham Novruzoğlu atasının - Novruz Xoşbəxtin 70 illiyi ərəfəsində “Arzumun çiçəkləri” kitabını nəşr etdirib, təqdimat mərasimini keçirdi. Həmin kitabdan bir şeiri oxuculara təqdim edərəm:

    Aslanı meşədə, mərdi meydanda,
    Qaya dözmünü dəli tufanda.
    Ceyran sürüsünü Mildə, Muğanda,
    Şeiri qara xallı yanaqda axtar.

    Əsən küləklərin dili var imiş,
    Kirkrəyən çayların seli var imiş,
    Hər işdə zamanın əli var imiş,
    Payızı saralan yarpaqda axtar.

    …Qürbətdə qalsan da Füzuli kimi,
    Vətənlə səslənsin qəlbinin simi.
    Gəzib dolansan da əgər aləmi,
    Özünü bu doğma torpaqda axtar.

    …Hər il Novruz bayramı günlərində mən Xoşbəxt təxəllüsü ilə şeir və publisistik məqalələr yazan Novruz müəllimi böyük ehtiram hissi ilə anıram və doğma Azərbaycanı müstəqil, azad və xoşbəxt görmək həsrəti dünyadan köçən bu gözəl İNSANIN əziz ruhuna Allahdan rəhmət diləyirəm...

    Nurəddin Ədiloğlu,
    16.03.22


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR