Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsi, Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri A.Mirzoyanın söylədiklərini şərh edib.
Azadmedia.az - Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır. Biz, dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük.
Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.
Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir.