“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın simaları” bölməsi üzrə növbəti təqdimatı müsəlman Şərqində ilk operanın banisi, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, yazıçı, publisist, ictimai xadim, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, ən məşhur şuşalı Üzeyir Hacıbəyliyə (1885-1948) həsr olunub.Azərbaycanın mədəniyyət tarixində misilsiz xidmətləri olan Üzeyir bəyin ana yurdu musiqi-sənət beşiyi Şuşa şəhəridir. Dahi musiqiçinin uşaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib. Üzeyir dühasının qaynaqları da qarlı zirvələrin, dibi görünməz uçurumların, dərin dərələrin dövrələdiyi, sərin səhər nəsimlərinin oxşayıb tumarladığı, bulaqları bal dadan Şuşadır!
Üzeyir bəyin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuşdu. Üzeyir bəyin anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Bəstəkarın dayısı Ağalar bəy Əliverdibəyov xalq musiqisinin gözəl bilicisi və Üzeyir bəyin ilk musiqi müəllimi olub. Üzeyir Hacıbəylinin, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində formalaşıb.
Üzeyir Hacıbəyli ibtidai təhsilini Şuşada, Nikolayevski adına rus-tatar məktəbində alıb. 1899-cu ildə bu məktəbi bitirdikdən sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olub. 1904-cü ildə seminariyanı bitirib Şuşa yaxınlığındakı Hadrut kənd məktəbinə müəllim kimi əmək fəaliyyətinə başlamışdı.
Üzeyir Hacıbəyli bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi sənətinin inkişafına sərf edib. O, müxtəlif təhsil sistemli musiqi məktəblərinin açılması, Azərbaycan Dövlət Konservatoriyasının təşkil olunması, dünya musiqi mədəniyyəti səviyyəli kadrların yetişdirilməsi, Azərbaycan musiqi tarixi və musiqi nəzəriyyəsinin yaradılması sahəsində xüsusi xidmətlər göstərib. Bununla yanaşı, bir-birinin ardınca musiqi təhsili və metodikasına aid dərslik və dərs vəsaitləri çap etdirir, yeni-yeni musiqili səhnə əsərləri yazıb.
Üzeyir bəy 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyub. Bəstəkarın 1910-cu ildə ərsəyə gətirdiyi “Ər və arvad” əsəri isə ölkəmizdə operetta janrının ilk nümunəsidir. Sənətkar daha sonra “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarını, “Əsli və Kərəm”, “Koroğlu” operalarını yaradıb. Üzeyir bəy eyni zamanda Azərbaycanın Dövlət Himninin, unudulmaz romans (“Sənsiz”, “Sevgili canan”) və mahnıların müəllifidir.
Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin yaradıcısı olmaqla yanaşı, musiqişünas, onun əsaslarını və prinsiplərini dərindən bilən və tədris edən görkəmli alim-pedaqoq idi. "Azərbaycan xalq musiqisinin əsasları" fundamental kitabı, habelə "Azərbaycan xalq mahnılarının adlarını öyrənmək üçün təlim", "Çahargah" mövzusunda "Birinci fantaziya", "Şur" üzərində "İkinci fantaziya" və s. əsərləri ona böyük şöhrət qazandırıb.
Ulu öndər Heydər Əliyev dahi bəstəkarın yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur". Məhz Prezident Heydər Əliyevin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi qeyd olunur.
1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə, həmçinin dahi musiqiçinin şəhərdəki ev-muzeyi 1992-ci ildə, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Şuşa işğal edildikdən sonra vandalizmə məruz qalaraq tamamilə dağıdılıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağımız və onun tacı Şuşa işğaldan azad edildikdən sonra Üzeyir bəyin doğma yurduna mədəniyyətimizin də qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bəstəkarın yeni heykəli hazırlanıb və dövlət başçısının iştirakı ilə 2021-ci ilin 29 avqustunda Şuşa şəhərində abidənin açılışı keçirilib.
2021-ci il sentyabrın 18-də uzun illərdən sonra ilk dəfə Milli Musiqi Günü çərçivəsində Şuşada görkəmli bəstəkara həsr olunmuş Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti gerçəkləşdi. Şuşa bəstəkar övladının ölməz musiqiləri üçün çox darıxmışdı. Nəhayət, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqisinin banisinin əsərləri yenidən səsləndirildi. Şuşanın dağlarından Üzeyir musiqisinin sədaları hər tərəfə yayıldı.
Dahi bəstəkar Üzeyir Hacıbəyli bənzərsiz yaradıcılığı ilə adını Azərbaycanın musiqi mədəniyyəti tarixinə əbədi yazdıran böyük sənətkardır. Onun yaratdığı bəstəkarlıq məktəbi gələcəkdə də yeni musiqiçi nəsillərin yetişməsinə öz töhfəsini verəcək.