Rövşən Əhmədov,
YAP Ağcabədi təşkilatının sədri
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf konsepsiyası onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatında şaxələnmə, qeyri neft sektorunun inkişafı, ölkənin ərzaq və enerji təhlükəsizliyi, regionların sosial-iqtisadi inkişafı proqramları, aqrar və sənaye parklarının yaradılması və s. bu kimi layihələr davamlı inkişafımızı sərtləşdirən başlıca istiaqamətlərdir. Bununla da cənab Prezidentin özünün dediyi “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilirlər” fikri reallığa çevrilmiş oldu. Sadalanan istiqamətlərlə yanaşı ölkədə sosial sahələrə də, xüsusən idmanın inkişafına xüsusi önəm verildi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra ölkədə idmana münasibət dəyişdi.
Ölkə rəhbəri Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Son illər Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayının, Veloparkın istifadəyə verilməsi, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının, T.Bəhramov adına Respublika Stadionunun və başqalarının yenidən qurulması paytaxt Bakının bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsinə imkan vermişdir. Dövlətimizin başçısının dediyi kimi, vaxtaşırı idmançılarla, onların mütəxəssisləri ilə görüşüb problemləri ilə maraqlanan Prezidentimiz həm də idman ictimaiyyətinin sevincinə səbəb olan sərəncamlar imzalayır, hər ilin sonunda qalibləri fəxri ad, mənzil və digər dövlət mükafatları ilə təltif edir.
Azərbaycanda Olimpiya Hərəkatının və idmanın qısa müddətdə belə sürətli inkişafı Milli Olimpiya Komitəsinə İlham Əliyevin rəhbərliyi sayəsində reallığa çevrilmişdir. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətləri yüksək qiymətləndirilmiş, Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı – “Olimpiya ordeni” ilə təltif edilmişdir.
Dövlət başçısının fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Bu müddət ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirmiş, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bu sırada idman xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıtmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.