Türkiyə televiziyasında izlədiyimiz qısa videoçarxda azərbaycanlı şəxsin Afrikanın Həbəş bölgəsində aclıqdan, susuzluqdan əziyyət çəkən əhaliyə şəhidlərin xatirəsinə ehsan bişirtdirib paylaması qəlbimizi qürurla doldurdu. Öyrəndik ki, bu xeyirxah əməli Braziliya Ciu-Citsu Federasiyasın prezidenti Aqil Acalov edib.
Azadmedia.az müqəddəs şəhidlərimizin adına uzaq Afrikada ehsan süfrəsi təşkil edən Aqil Acalovla əlaqə saxladı, olanları özündən eşitmək istədi. Aqil Acalov bildirdi ki, orda 5 yaşdan aşağı həyatını itirən uşaqların bir çoxunun ölüm səbəbi aclıqdır: "Əhalinin hər hansı yeməyi seçim etmək imkanı yoxdur, yemək tapmaq xoşbəxtlikdir. Ən geniş savanna, ən uzun çay, yer qabığının ən uzun çatı və s. sadalananlarla bərabər aclıqda da "ən"-lərdəndir təəssüf ki... Dünyada hər il bütün dünyanı doyuracaq qədər qida istehsal edilsə də, aclıqdan dünyasını dəyişən insanların olması əlimizdə olanı kifayət qədər paylaşmadığımızın göstəricisidir.
Qida onlar üçün möcüzədir bəzən.
Biz milli-mənəvi dəyərlərimizdən qaynaqlanan humanizm və tolerantlıq xüsusiyyətlərini daşıyan millətik. Biz həm öz içimizdə birik, həm də digər millətlərə dost xalqıq. Bu səbəbdən Efiopiyada aclıqdan əziyyət çəkənlərə də az da olsa, dəstək ola bilmək istədim. Bilirəm ki, ölkəmizdə onlara mütəmadi yardımlar çatdıran xeyirxah insanlar az deyil.
Allah müqəddəs Ramazan ayında hər kəsin ibadətlərini, niyyətlərini, ehsanlarını qəbul etsin.
Allah şəhidlərimizə rəhmət eləsin!".
Allah ruzinizi bol, canınızı sağ, ehsanınızı qəbul etsin, Aqil Acalov!