AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niyyətlərin saflığı və davranışların əsl məqsədi cəmiyyətimizin gözündən yayınmır

  • + A
  • - A
  • 1-05-2022, 14:25

    Niyyətlərin saflığı və davranışların əsl məqsədi cəmiyyətimizin gözündən yayınmır

    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin təkcə aprel ayında qəbul etdiyi nümayəndə heyətlərinin tərkibinə, keçirdiyi görüşlərə, dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri ilə telefon danışıqlarına dair rəsmi məlumatlara, iştirak etdiyi digər tədbirlərin forma və məzmununa diqqət yetirdikdə çox asanlıqla görmək olur ki, onların mütləq əksəriyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyində artmaqda olan rolu ilə bağlıdır. Rəsmi təmasların intensivliyi və ali səviyyəli qonaqların Azərbaycana səfərlərinin nəzərəçarpacaq dərəcədə artması onu da deməyə əsas verir ki, istər Qərb, istərsə də region ölkələri rəsmi Bakının bölgədə yaratdığı yeni reallıqla artıq hesablaşır və bu reallığın arxasında dayanan Azərbaycanın imkanlarını adekvat şəkildə dəyərləndirirlər.

    Aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında və aprelin 29-da ADA Universitetində təşkil olunan beynəlxalq konfransda Prezidentin səsləndirdiyi fikirlər bir daha ona dəlalət edir ki, bölgədə dayanıqlı sülhü təşviq edən və Ermənistanla sülh müqaviləsinin bağlanmasına təşəbbüs göstərən məhz Azərbaycandır. Rəsmi Bakı ilə təmasların və siyasi dialoqun dərinləşməsinə verilən önəm həm də onun göstəricisidir ki, 30 il gecikmə ilə olsa da, nəhayət, bəzi xarici dairələr ölkəmizin konstruktiv mövqeyini görməyə və onu qəbul etməyə başlayıblar. Baxmayaraq ki, elə həmin dairələr ötən illər ərzində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsinin qoyulmasına, Xocalı soyqırımına, işğalçının birtərəfli və təmənnasız qaydada silahlandırılmasına, ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri çoxsaylı vandallıq aktlarına, tarixi, mədəni və dini irsimizi bu torpaqlardan silmək cəhdlərinə, Ermənistandakı hakimiyyətlərin səngimək bilməyən hərbi-siyasi təxribatlarına və 44 günlük Vətən savaşındakı müharibə cinayətlərinə ya göz yumublar, ya da biganə qalıblar. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bu fikirlər elə bu səbəbdən təsadüfi deyildi və 30 ilin acı reallığına söykənirdi : “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

    ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən, dünya çapında tanınmış ekspertlərin və beyin mərkəzləri nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans həqiqətlərin dünya ictimaiyyətinə bir daha çatdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Bu cür nüfuzlu tədbir həm də ona imkan verir ki, beynəlxalq birlik ölkəmizin hədəf və niyyətləri barədə məhz onun Birinci şəxsindən dəqiq və müfəssəl məlumat ala bilsin. Elə ona görə də Prezidentimiz çıxışında bu məqama xüsusi diqqət yetirdi: “Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikirimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir”.

    Prezidentin nüfuzlu qonaqların suallarına verdiyi cavablar, səsləndirdiyi fikirlər dəqiqliyi, pafosdan uzaqlığı və praqmatik yanaşmaya söykənməsi, eləcə də yüksək diplomatik tərzi ilə diqqəti cəlb edirdi. Dövlətimizin başçısının on il sonrakı Cənubi Qafqaza baxışına dair mövqeyi də geosiyasi proseslərə ölçülü-biçili yanaşmadan irəli gəlirdi: “Çünki bilirsiniz ki, regiondakı vəziyyət dünyadakı vəziyyətlə sıx bağlıdır... Birinci ssenari postsovet məkanı üçün sülh şəraitində gələcəkdir, digər ssenari isə sülh şəraitində olmayan gələcəkdir. Rusiya və Ukrayna arasında indi gedən müharibəni nəzərə alsaq, biz müharibənin nə vaxt bitdiyini və postmüharibə vəziyyətinin nədən ibarət olduğunu bilmirik”.

    Prezidentin leksikon dəqiqliyi özünü həm də onda göstərdi ki, dövlətimizin başçısı dünyada baş verən hadisələrə onların mahiyyətinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə, məhz ədalətin diqtə etdiyi məzmunda qiymət verdi. Prezident İlham Əliyev dünyanın gözü qarşısında gedən müharibəni öz adı ilə çağırdı və açıq şəkildə bəyan etdi ki, ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı fundamental beynəlxalq prinsipə əməl olunması, ünvanından asılı olmayaraq, Azərbaycan üçün dəyişməz dəyərdir. Elə bu səbəbdən, Prezidentin Rusiya-Ukrayna müharibəsinə münasibəti də kifayət qədər lakonik oldu: “ Beləliklə, ilk növbədə, öz təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmayın”.

    Sözsüz ki, peşəkar və yüksəksəviyyəli diplomatik ton bu cür mötəbər tədbirlərdə əsas ünsiyyət dili kimi qəbul olunur, bəzən də verilən mesajların əsl mahiyyəti sətiraltı fikirlərlə ifadə edilir. Bu üslub həm beynəlxalq konfransın ruhuna, həm də konfransın keçirildiyi ADA Universitetinin yüksək peşəkarlıq imici ilə seçilən təyinatına tam uyğun idi. Dövlətimizin başçısı bəzi mesajlarında diplomatik ünsiyyət üslubunun bu cür incəliyindən sərrastlıqla yararlandı: “Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından iki ay sonra-aprelin 19-da baş nazir Paşinyan Rusiyaya rəsmi səfər edib, bu, iki ölkə arasında münasibətlərin əla olduğunu nümayiş etdirir. Biz isə qonşuluqda olan ölkələr arasında münasibətlərin hər zaman yaxşı olmasının tərəfdarıyıq və bu, bizim sülh gündəliyimizin tərkib hissəsidir”.

    Prezident İlham Əliyev həmin mesajında, bir tərəfdən, Ermənistan rəhbərinin seçdiyi və ya onun üçün seçilən səfər vaxtına diqqət çəkdi, digər tərəfdən isə, bu mesajı verdi ki, 30 il ərzində işğalçılıq siyasətini yürüdən Ermənistan hələ də şimal qonşumuzun Qafqazdakı yeganə forpostudur. Göndərilən mesajla həm də ona işarə edilirdi ki, Azərbaycan bütün qonşuları ilə yalnız bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır, əla və yaxşı münasibətlər arasındakı fərqi də görə bilir. Nə qədər paradoksal səslənsə də, bəzən qonşularla məhz yaxşı və bərabərhüquqlu əlaqələr regional sülhə və təhlükəsizliyə daha çox xidmət göstərir. Prezidentin mesajındakı sətiraltı fikirlərdən hansına üstünlük verilməsi isə, şübhəsiz ki, tərəflərin zövqünə və yanaşmalarındakı səmimiyyət dərəcəsinə bağlıdır.

    Dövlətimizin başçısı beynəlxalq konfransın verdiyi imkandan istifadə edərək, ölkəmizin mövqeyini bir daha dünya birliyinin diqqətinə çatdırdı. Çatdırdı ki, Azərbaycan Ermənistanın 30 il ərzində ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinə, törətdiyi çoxsaylı müharibə cinayətlərinə və vandallıq aktlarına baxmayaraq, onunla sülh sazişinə hazırdır. Regionun təhlükəsiz gələcəyini sülh müqaviləsinin imzalanmasında, dinc birgəyaşayış normalarının qarşılıqlı şəkildə gözlənilməsində və mümkün ola biləcək iqtisadi əməkdaşlıq formatının gerçəkləşməsində görür. Azərbaycan iqtidarının beynəlxalq hüquq normalarından çıxış edərək irəli sürdüyü 5 təməl prinsip də məhz bu hədəfə xidmət edir. Dövlətimizin başçısı bu hədəfin reallaşması üçün göstərilən beynəlxalq səyləri yüksək dəyərləndirdi və sülh sazişinin gerçəkləşməsi imkanlarına konkret münasibət bildirdi: “Beləliklə, Brüssel indi mənim səfərlərimin əsas təyinat məntəqəsinə çevrilib”.

    Prezident İlham Əliyevin bu mesajı aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi bəyanatın məntiqi davamı kimi də qiymətləndirilə bilər. Prezident həmin müşavirədə belə demişdi: “Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna kömək göstərmək istəyənlər kömək göstərməlidirlər”. Başqa sözlə, bu həm də o deməkdir ki, niyyətlərin saflığı və konkret davranışların əsl məqsədi cəmiyyətimizin gözündən artıq yayınmır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR