Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: “Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır”.
Baxmayaraq ki, iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasında dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.15 iyun 2021-ci il tarixində Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamənin Qarabağın incisi olan qədim Şuşa şəhərində imzalanmasını Prezident İlham Əliyev bu cümlələrlə ifadə etmişdir: ”Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında -Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyənnamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”. Bu sözləri ilə qalib lider dünyaya bildirir ki, azad olunmuş torpaqlarımıza ilk rəsmi səfər Türkiyə Respublikasının prezidentinə məxsusdur və imzalanan Şuşa Bəyannaməsi sarsılmazlığın simvoludur.
Qeyd edim ki, bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.
Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycanın hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir birini qorumaq üçün addımlar atacaqdır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərirki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.Heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsində Türkiyənin siyasi dəstəyinin mühüm rolu olub. Bunu Azərbaycan rəhbərliyi də dəfələrlə bildirib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. İstər Türkiyənin verdiyi zərbə dronlarından Azərbaycanın effektiv istifadəsi, istərsə də, Türkiyəli hərbi mütəxəssislərin Azərbaycan ordusuna təlim keçməsi və Türkiyənin siyasi dəstəyi Azərbaycanın müharibədə qələbəsində həlledici rol oynadı.
Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Xüsusən də Türkiyə dövlət başçısının Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Heç bir dünya təcrübəsində bu cür birlik, qardaşlıq öz əksini tapmamışdır bu addımlar Azərbaycan və Türkiyə münasibətlərinə müdaxilə etmək istəyən qüvvələrin qısqanclığına gətirib çıxarır. Allah dostluğumuzu, birliyimizi, qardaşlığımızı əbədi etsin inşallah.
YAP Masallı rayon təşkilatı Masallı rayon İcra Hakimiyyəti
ərazi partiya təşkilatının sədr müavini Əzimov Arif İsmayıl oğlu
16 iyun 2022