1988-ci ilin fevral ayında Ermənilərin Xankəndində torpaq iddiası ilə başladıqları separatçı çıxışlar və bu ekstremist çağırışlara Sovet rəhbərliyinin dəstək verməsi nəticəsində Azərbaycanda həyat axarı dəyişməyə başladı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması Ermənilərin əl-qolunu açdı.
Dağlıq Qarabağda başlanan və Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçov tərəfindən Ermənilərə dəstək verilməsi Azərbaycan xalqının Sovet rəhbərliyinə inamını qırdı, xalqın ciddi etirazlarına səbəb oldu. Baş qaldıran kütləvi etirazlar Azərbaycanda hakimiyyət dəyişikliyi ilə nəticələndi.
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə düçar olduğu ağır durumdan xilas ola bilmədi. Əksinə ölkə iqtisadiyyatı tənəzzülə uğradı, nizami ordu yaradıla bilmədi, aparıcı dünya dövlətləri, region ölkələri ilə siyasi əlaqələr pozuldu. Bundan istifadə edən ermənilər ardıcıl olaraq torpaqlarımızı işğal etməyə başladılar.
Belə bir vəziyyətdə Xalq ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsin Heydər Əliyev olduğunu başa düşərək, bu çətin anlarda ölkəyə rəhbərlik etməyə razı olması barədə Ulu Öndərə müraciət etdilər. Doğma Azərbaycanı canı qədər sevən Heydər Əliyev belə bir çətin məqamda ölkənin taleyinə biganə qala bilməzdi. 29 il əvvəl iyun ayının 15-də Ulu Öndərin siyasi hakimiyyətə qayıtdışı ilə Azərbaycan Müstəqilliyinin itirilməsindən, əhali isə taleyinə, gələcəyinə olan ümidsizlikdən, bir sözlə bütün acılardan qurtuldu. Ona görə də 15 iyun- Milli Qurtuluş gününü xalqımız böyük təntənə və bayram kimi qeyd edir.
Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıdanda ölkədə vəziyyət hərtərəfli ağır idi. Ölkə idarə edilmirdi, ayrı-ayrı silahlı qüvvələr, müdafiə dəstələri adı altında şəxsi istəklərini həyata keçirirdilər. İqtisadiyyat dağılmış vəziyyətdə idi. Ordu demək olar ki, növcud deyildi, ölkənin başqa dövlətlərlə diplomatik münasibətləri son dərəcə pisləşmişdi, vətəndaş müharibəsi qaçılmaz idi.
Ölkəni bu vəziyyətdən çıxarmaq üçün bütün mühüm keyfiyyətlərə malik cəsarətli, müdrik, uzaqgörən, dünya siyasətini bilən, təcrübəli və beynəlxalq aləmdə nüfuzu olan, eyni zamanda xalqın etibar etdiyi bir şəxsiyyət olan Heydər Əliyev mövcud çətinlikləri səbrlə, təmkinlə, qətiyyətlə, səriştəliklə aradan qaldırmağa nail oldu. Qısa zaman kəsiyində mövcud problemlər ardıcıl olaraq həllini tapmağa başladı.
Vətəndaş müharibəsinin qarşısının alınması, xarici qüvvələrə işləyən rəhbər işçilərin vəzifədən uzaqlaşdırılması, atəşkəsə nail olunması, “Əsrin müqaviləsi” adlanan xarici ölkələrin neft şirkətləri ilə kontraktların imzalanması, iqtisadiyyatın tədricən bərpa olunması, ən əsası ordu quruculuğunun önə çəkilməsi Ulu Öndərin fəaliyyətinin əsas xətti oldu. Bununla da Azərbaycan bütün bəlalardan qurtuldu.
Ona görə də 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Ulu Öndərin tarixi xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaq.
Allah Ulu Öndərə rəhmət eyləsin.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı