Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr təsdiqlənib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 179-1-ci maddə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun ( qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplamasında iştirak etməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza toplanması prosesini və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında” qanunda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, təşkilatların, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.
Cinayət Məcəlləsinə təklif edilən yeni - 161-1 maddədə isə qeyd edilib ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması prosesində vətəndaşları imza qoymağa məcburetmə və ya imza qoymağa mane olma, yaxud bunlara hər hansı formada mükafatlandırma 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatadək ictimai işlərlə cəzalandırılacaq.
Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq III oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.