Məşhur Məmmədov
Milli Məclisin deputatı26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir.
Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır".
Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar.
II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir.
Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.