AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclü Ordumuz öz tarixi missiyasını yerinə yetirdi - Bayramınız mübarək! - Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 26-06-2021, 12:43


    Bir qədər tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.
    Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. Belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Məhz, tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, eləcə də, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Cənab Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bütün bunları hər birimiz – Müzəffər Ordumuzun II Qarabağ müharibəmizdə qazandığı və bizlərə yaşatdığı 44 günlük Şanlı Zəfər dövründə də gördük.

    Ali Baş Komandanımızın rəhbərliyində Azərbaycan əsgəri Vətən Müharibəmizdə, Qarabağımızı düşmən işğalından azad etdiyi gün öz şücaətini göstərdi - doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.

    Silahlı Qüvvələrimizin şəxsi heyəti xalqımızın və dövlətimizin etimadını şərəflə doğrultdu, hərbi intizamını artıraraq, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirdi və işğal altında olan əzəli və əbədi torpaqlarımız olan Qarabağ torpaqlarımızın azad edilməsinə nail oldu.
    Ordumuz işğal olunmuş ərazilərimizi düşməndən azad etdi və ölkəmizin ərazi bütövlüyünü qorudu!
    Güclü Ordumuz öz tarixi missiyasını yerinə yetirdi - Bayramınız mübarək!

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR