Sahibkarları Eldar Mahmudova Fazil Məmmədov satıb? - MTN və Vergilər Nazirliyi əlaqəli işləyib...
Mətbuat mövzu bolluğuna düşüb. Buna görə səbəbkarlara təşəkkür düşmür. Çünki bu gün medianın gündəmindəki mövzularda kriminal xarakterli xəbərlər dominantlıq təşkil edir. Təbii ki, ilk yerlərdə Eldar Mahmudovun cinayətkar bandasının məhkəmə prosesi və banda başçısının özünün istintaqda dəfələrcə dindirilməsidir. İkinci yerdə isə əslində Eldar Mahmudovdan geri qalmayan Fazil Məmmədovun vergilər naziri postundan kənarlaşdırılmasından sonra yaranmış situasiyanın qiymətləndirilməsi və gözlənilən növbəti səs-küylü “vurulma”lardır.
Təbii ki, Eldar Mahmudovun, haqlı olaraq biz onu "Əlibaba və 40 quldur"la müqayisə etmişdik və onun adı gələndə hamının qaçıb stolun altında gizləndiyi bir vaxtda biz Moderator.az olaraq məhz saytın o vaxtkı iki təsisçisindən birinin - Pərviz Həşimlinin şərlənərək ağılagəlməz ittihamlarla MTN zindanına salınmasından sonra bu qurumda baş verənləri çəkinmədən yazır, törətdikləri tükürpədici cinayətləri ifşa etməyə çalışırdıq. Odur ki, bizim tam mənəvi haqqımız çatır ki, bu gün "Əlibaba"nı və onun hələ çoxunun azadlıqda olan 40 quldurunu eninə-boyuna qılınclayaraq ifşa edək. Ümid edirik ki, "MTN işi" çərçivəsində həbslərin növbəti dalğasına da şahidlik edəcəyik və başda Eldar Mahmudov olmaqla cinayətkar şəbəkənin bütün üzvləri iştirakçısı olduqları bu və ya digər cinayətlərə görə hətta əmr yetirmiş olsalar belə cavab verəcəklər. Bir daha təkrar edirik ki, bunun baş verməsi üçün ilk növbədə "Əlibaba"nın özü qandallanmalıdır ki, tördilən cinayətlərin üstü heç olamsa qismən açılsın...
Təbii ki, Fazil Məmmədovla bağlı məsələ də hələ ki, ilkin mərhələdədir və gözləmək olar ki, tezliklə bu qurumda da səs-küylü həbslərin və qalmaqallı məhkəmə proseslərin şahidi olacağıq. Eyni zamanda Eldar Mahmudovla Fazil Məmmədov arasında çox maraqlı bir bağın olduğunu da oxucularla paylaşmaq istərdik. Diqqqətlə analiz etdikdə aydın olur ki, adı nə qədər qorxunc olsa da əslində son illər iş adamlarına divan tutulmasında, milli sahibkarlığın onurğa sütununun qırılmasında MTN və Vergilər Nazirliyi əlaqəli işləyib və bu cür “müttəfiqlik” minlərlə iş adamının fiziki və mənəvi məhv edilməsi, talan edilməsi, ölkədən baş götürüb qaçması ilə nəticələnib. Heç də təsadüfi deyil ki, ölkə prezidenti də müşavirələrin birində (Həmin müşavirənin videosunu yazının sonunda izləyə bilərsiniz) Vergilər Nazirliyini çox kəskin ittiham etmişdi, onları iş adamlarına divan tutmaqda suşlamışdı. Ölkə başçısı elə həmin müşavirədəcə sahibkarlara səslənmişdi ki, üzləşdikləri qanunsuzluqlarla bağlı ona hökmən yazsınlar, hansısa yolla bunu prezidentə çatdırsınlar ki, tədbir görülsün. Amma görünür, bu xəbərdarlıqdan nəticə çıxarılmadığını görən dövlət başçısı Fazil Məmmədovun işdən qovulmasına qərar verib.
Təbii ki, əgər ortada bu qədər ağır cinayətlərdən söhbət gedirsə o zaman təkcə işdən azad edilmə ilə kifayətlənilməsi cəmiyyətdə ölkə başçısına olan inamı sarsıda bilər. Odur ki, gözləmək olar ki, ilin sonunun yekunları saf-çürük edildikdən sonra Fazil Məmmədovun nazirlikdə yaratdığı şəbəkənin də ifşa edilməsi prosesinə start veriləcək. Obrazlı desək, bu gün Eldar Mahmudov azadlığını hansısa yolla satın alsa da onun cinayətkar şəbəkəsi həbsxana divarları arasında məşhər ayağına çəkilir və hər məhkəmə prosesi onların əməllərinin ifşasına şahidlik edirik. Yəni bu gün "Əlibaba"nın dəstəsinin ən məşhur üzvləri kimi generallar Akif Çovdarovun, Elçin Quliyevin, Sübahir Qurbanovun, Teymur Quliyevin, Natavan Mirvətovanın və həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyevin, Zaur Məmmədovun, Natiq Alıyevin, Fərhad Atayevin, Anar Şirəliyevin, Eşqin Əliyevin, Elşad Əzizovun və adını sadalamadığımız digər banda üzvlərinin adı cəmiyyətdə dillər əzbəri olub və onları tanımayan yoxdur. Eynilə Fazil Məmmədovun da ətrafında Eldar Mahmudovdan heç nə ilə fərqlənməyən şəbəkənin də mövcudluğuna kimsə şübhə etmir və məhz buna görə də həmin qurumda ilkin mərhələdə "yarpaq tökümü", ardındansa cinayət işlərinin başlanılması prosesinə sayılı günlərin qaldığını iddia edə bilərik. Çünki Vergilər Nazirliyi dövlətin qan-damar sistemi hesab olunur və belə bir qurumda baş verən cinayətlər ölkə başçısı İlham Əliyevin həmin müşavirədə xüsusi olaraq vurğuladığı kimi məhz vətənə xəyanətə bərabər tutulmalıdır.
Təbii ki, bu gün bizim media olaraq əlimizdə hər hansı faktlar və sübutlar olmadığına görə Fazil Məmmədovun yaratdığı şəbəkənin ən "uzaqvuran toplar"ının kimliyi barədə fikir bildirməyimiz doğru olmazdı. Amma bizdə də çoxsaylı sahibkarın zaman-zaman incidilməsi barədə məlumatlar olub və ona görə də aşağı-yuxarı cəmiyyət də, media da sahibkarların əsasən kimlər və hansı qurum rəhbərləri tərəfindən incidildiyi barədə xəbərdardır.
Sözsüz ki, Fazil Məmmədovun ən sadiq adamlarının başında əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin, sonradan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi, ən sonda isə nazirin müşaviri təyin olunmuş Habil Məmmədov gəlir. Habil Məmmədovun adı ölkədə çox məşhurdur və demək olar ki, onu tanımayan adam yoxdur. Çünki hər zaman strateji postlarda oturduğundan ölkədə hamının ona işi düşüb. Təbii ki, biz onun fəaliyyəti dövrünü təftiş etmək niyyətində və imkanında deyilik, əgər nazirliyin yeni rəhbərliyi hesab etsə ki, belə bir təftişə ehtiyac var, o zaman onun necə “şəffaf və zərgərcəsinə” fəaliyyət göstərdiyi üzə çıxa bilər.
İlqar Əhmədov da təkcə ölkənin vergiödəyiciləri arasında deyil, bütövlükdə cəmiyyətdə məşhur personalardan biri hesab olunur. O da vəzifə pillələrində sürətlə irəliləyənlərdən olub və bir neçə mühüm postlarda “can yandıran”dan sonra nazirin müşaviri təyin olunub. Buna qədər o, Vergi auditi və operativ nəzarət Baş İdarəsinin, Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi olub. Bu ilin martında isə müşavir olmaqla bərabər həm də nazirliyin strukturunda yeni yaradılmış Əlaqələndirmə və idarəetmə Departamentinin rəisi təyin olunub.
Əlbəttə, biz adıçəkilən və çəkilməyən yüksək çinli vergi əməkdaşlarını hansısa cinayətdə suçlamırıq və təbii ki, buna hər hansı bir məmurun fəaliyyətini araşdırmaq səlahiyyəti olan hüquq-mühafizə orqanları qiymət verə bilər. Biz sadəcə bu şəxslərin vergi ödəyiciləri ilə sıx təmasından çıxış edərək bildiririk ki, sabah bu və bunlar kimi bir çox yüksək çinli vergi əməkdaşının fəaliyyətində hansısa bir qanunsuzluq aşkar edilsə təəccüblənməyə dəyməz və əksinə, o zaman hər birimiz ölkə prezidentinin müşavirədə dediyi tarixi fikirləri xatırlayacağıq. Amma heç istəməzdik ki, Vergilər Nazirliyində də MTN kimi total cinayətlərin baş verdiyi barədə hüquq mühafizə orqanlarının rəsmi məlumatlarını eşidək. Çünki vergi orqanlarındakı bu ləkəni təmizləmək və sahibkarların etibarını yenidən qazanmaq üçün xeyli gözləmək lazım gələcək. Bu isə iqtisadiyyatıpmızın inkişafına badalaq vuracaq ən neqativ faktor kimi tarixə düşə bilər...