AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Gənclər və İdman İdarəsi - Müşfiq Qurbanov - “Müzəffər Ordu” - ÖZƏL

  • + A
  • - A
  • 26-06-2022, 12:34

    Masallı rayon Gənclər və İdman İdarəsi - Müşfiq  Qurbanov  - “Müzəffər Ordu” - ÖZƏL


    Müzəffər Ordu


    Müşfiq Qurbanov Qardaş oğlu Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi


    Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.


    Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları bu tarixi bəyanat işğalçı ölkənin döyüş və diplomatiya meydanında hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, dövlət başçımızın irəli sürdüyü şərtlərin qəbul edilib rəsmiləşdirildi. Ermənistanı 30 illik münaqişənin ikinci hərbi mərhələsində təslim olmağa Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan 4 rayonumuzu və strateji Şuşa şəhərini ildırım sürəti ilə işğaldan azad edib düşməni mühasirə vəziyyətinə salması məcbur etdi. Müzəffər Ordumuzun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi Ermənistanın quldur hərbi dəstələrinə sarsıdıcı zərbə vurdu, döyüşlər onların silahlarını atıb qaçması ilə nəticələndi.

    30 ildən bəri Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən havadarları mühaibənin ilk günlərindən ermənilərin məğlub olacaqlarını gördüklərindən Azərbaycan Ordusunun zəfər yürüşünü dayandırmaq üçün min bir oyundan çıxdılar. Azərbaycan Prezidenti İlham Əliyev isə Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi. Ali Baş Komandanın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə səslənən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu.

    Ermənistan hərbi-siyasi rəhbərliyi isə xilas olmağın yolunu müharibə cinayətləri törətməkdə – Azərbaycanın cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan dinc əhalisini raket-artilleriya atəşinə tutub ümumi vahimə və sarsıntı yaratmaqda gördü. Lakin bunların heç biri xalqımızın mübarizə əzmini qıra, ordumuzun irəliləyişini dayandıra bilmədi. Ermənilərin fitnəkar təxribatlarına, kütləvi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, Yevlax, Beyləqan rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə və əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir dənə də olsun, fərarilik faktı qeydə alınmadı.

    Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun endirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.

    İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də ölkəmizin ərazi bütövlüyünün, nəhayət, güc yolu ilə bərpa edilməsi, 30 ildən bəri Vətən həsrəti ilə yaşayan 800 minə yaxın insanın nisgilinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma torpaqlarına qayıtmaqla bağlı istəklərini, öz yurdunda yaşamaq haqlarını gerçəkləşdirdi.

    44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sübuta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR