Məşhur Məmmədov,
Millət vəkiliPrezident İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı iqtisadi-siyasi vəziyyətlə yanaşı, dövlətin orduya ayırdığı diqqətdən və Laçın-Kəlbəcər ərazisində quruculuq işlərindən bəhs etdi.
Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Bütün dünya bir daha şahidi olacaq ki, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır.
Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsinə start verilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək.
İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək.
Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.
Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir.
Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək.
Laçın rayonunda da yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq.
Bir sözlə, hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.
Cənab Prezidentin dediyi kimi, Azərbaycanlı xalqı qurub-yaradan xalqdır. Tezliklə işğaldan azad edilmiş bütün əraziləri cənnət-məkana çevirəcəyik.