AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur akademik Şəhidlər xiyabanında... - Qarabağa qisas üçün gələn qazax oğlunu ziyarət etdi - FOTO

  • + A
  • - A
  • 19-07-2022, 12:00

    Məşhur akademik Şəhidlər xiyabanında... - Qarabağa qisas üçün gələn qazax oğlunu ziyarət etdi - FOTO


    Yenə Şəhidlər Xiyabanına gedirdik. Bu dəfəki ziyarətçilərimiz Xəzərin o tayından gəlmişdilər. Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse prezidenti Füzuli Məcidli idi.

    Başımda Aşıq Qərib dolanırdı. Şəhidlər Xiyabanında bayatı deyərlər, oxşayıb, öyərlər şəhidləri. Mən də Aşıq Qəribin anası ilə görüşü səhnəsində oxuduğu gözəlləməyə bənd olub qalmışdım.

    Mən gəlmişəm otağına,
    Durum düşüm ayağına.
    Bir rəhm elə qonağınam,
    Ana mən Qəribəm, Qərib.


    2020-ci ilin 44 günündə Türk dünyasının Zəfər tarixini qanlarıyla, canlarıyla yazan igidlərimizin uyuduğu müqəddəs məkanda əvvəlcə general-polkovnik Polad Həşimovun uyuduğu sıradan başladıq ziyarətimizi. 1990-cı ilin 20 yanvarından məzarlıq çiçəyi olan qərənfillərimizi ehtiram əlaməti olaraq şəhid oğullarımızın, qəhrəmanlarımızın sinəsi üstünə düzdük.

    II Şəhidlər Xyabanı hər gün olduğu kimi gəlimli-gedimli idi. Həyat yoldaşı şəhid olandan sonra başdan-ayağa qara geyinən bir gəlin gəldi. Oğlu ilə birlikdə şəhidinin məzarının üstünə su səpirdilər. Diqqətimizi bir gənc qızcığaz da cəlb etdi. O da məzarların ətrafında fırlanıb qurumuş çiçəkləri toplayır, məzar başındakı ağacları sulayırdı. 2020-ci ilin sentyabr ayından bu məkana gələn doğmalar və dostlar, qohumlar və yadlar, qərib ellərin yolçuları bu müqəddəs yerdəkiləri unudulmağa qoymurlar.

    Bu məzarlıqdan 300 metr yuxarıda isə 1994-cü ildə salınmış Şəhidlər Xiyabanıdır. Bax orada dəfn olunan uşaqlar Qarabağ uğrunda döyüşə gedəndə burada indi uyuyanların əksəriyyəti ya doğulmamışdı, ya məktəbli idi, ya da hələ yaşı döyüşə getməyə çatmırdı... Burada uyuyan igidlər ötən 28 il ərzində indi uyuduqları məkandan 300 metr yuxarıdakı məzarlığı dəfələrlə ziyarət etmiş, oradakı Şəhidlərin qarşısında baş əymişdilər.

    Ancaq burada uyuyan oğullar II Şəhidlər Xiyabanında bir qəribin uyuduğundan xəbərsiz idilər. O igidin qərib olduğunu yalnız dostları - 776 saylı əlahiddə taborun döyüşçüləri Saleh Əliyev, Yaşar Nəsibov, Yusif Ağayev, İsgəndər Ağayev, Mürvət Əliyev, Rövşən Babayev, Elxan Şıxəliyev, Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov, Fərzəli Pəsərək, Rəşid Əliyev və digərləri bilirdilər. Lakin onu qərib kimi deyil, əziz qardaşları kimi yad edirdilər. Bu gün də yad edirlər. Amma ki, bir danılmaz həqiqət var, sinəsində doğulduğun torpaqdan ayrı düşdünsə, qəribsən ki, qərib. İstər sağ ol, istər də, torpağın altında....

    Sağ olanda - doğmaların, yurd yerin yadına düşəndə ürəyinin başı göynəyəcək, ölüb torpaq altında yatdınsa, torpağın, məzarın göynəyəcək...

    Bizim yerlər daşlı olar,
    Gözəl qızlar saçlı olar.
    Qərib gözü yaşlı olar,
    Ana, mən Qəribəm, Qərib.


    Yəqin ki, oxucularım kimdən danışdığımı bildilər. Söhbət II Şəhidlər Xiyabanında uyuyan qazax balası Barımbetov Yerbol Turexanulıdan gedir.
    1993-cü ilin fevral ayında 776 saylı tabora Xüsusi Təyinatlı kimi qəbul olunmuşdu. 1992-ci ilin payızından 1993-cü ilin fevral ayına qədər 6 ay müddətində Qazaxıstanın Kapçekay hərbi desant bazasında əsgərlik xidməti keçmişdi. 6 ay ərzində öyrəndiklərini gəlib Azərbaycanın torpaqlarının azadlığı uğrunda döyüşdə tətbiq etməyə başlamışdı. Doğma yurdundakı hərbi hissəni nədən özbaşına buraxlb gəldiyini soruşanda, demişdi ki, mən həm də bizim Daxili İşlər Nazirinin müavini, polkovnik Saylau Serikovun qisasını alıram. Milis polkovniki Saylau Serikov 1991-ci ildə Qarakənd üzərində vurulan helokopterdə şəhid olmuşdu.

    Yerbol Barımbetov belə qeyrətli bir türk oğlu idi. Türk tarixini dərindən öyrənmək üçün tarixçi olmaq istəmişdi. Bu arzusunu da keçid balı aşağı olduğundan gerçəkləşdirə bilməmişdi.

    Bu gün isə doğma yurdundan, türklərin ATA YURDU Qazaxıstandan onu ziyarətə türk dünyasının adlı-sanlı tarixçisi, tarix elmləri doktoru Darxan Kıdıralı özü gəlmişdi.

    Yerbol, yəqin ki, ruhlar aləmində çox şeydən xəbərdarsan. Bəlkə elə sənin ürəyindəki arzuları göyərdənlərdən biridir Darxan Kıdıralı. Axı Beynəlxalq Türk Akademiyasının rəhbəri olduğu vaxtdan, türk dünyasının tarixinə yeni bir işıq, yeni bir yol salıbdır. İndi o yolda sənin arzuların göyərir.
    Məzarı qarşısında Darxan Kıdırlaı da, Füzuli Məcidli də, mən də yenə təzim etdik. 20 yanvarın qırmızı göz yaşı olan qərənfillərimizi sinəsi üstünə düzdük. Sonra Darxan Kıdırlalı məzar başında Quran oxudu. Dayandı. Fikrə getdi. Diqqətini Yerbolun ölüm tarixi çəkdi. Dedi ki:
    “Ah nə yazıq... Onun ki, şəhid olduğunda 20 yaşı var imiş... Şəhidlər öz yaşlarından sonra böyüməzlər. Tanrı dərgahına uçduqları yaşda qalarlar”.
    Yenə gözlərimin yaşını bulaq edib, Yerbolun baş daşından boylanan şəklinin üzünü başıma örtdüyüm qazax milli kəlağayısının ucu ilə sildim. Sonra həmin kələğayı ilə gözlərimin yaşını qurutdum.
    Hər iki dostum Darxan Kıdıralı da, Füzuli Məcidli də dərin bir fikrə getmişdilər. Mən isə ürəyimdə Yerbolun yolunu gözləyə-gözləyə harada olmasından xəbərsiz dünyadan köçən atası Turexan və anası Satkulla danışırdım. Yenə beynimdə Aşıq Qəribin gözəlləməsi dolanırdı.

    Canım ana, gözüm ana,
    Ana, mən Qəribəm, Qərib.
    Sənə vardır sözüm ana,
    Ana mən qəribəm, qərib.
    Bacı, mən qəribəm, qərib.


    Anası oğul həsrəti ilə dünyadan köçən, gözü düz 28 il doğmalarını, onu sevənləri gözləyən Yerbol qardaşımızın indi ruhunun gözləri o Vətən yollarından yığılmışdı. Yerbol Berimbetovun burada qərib olduğunu bildiyim gündən Qazaxıstandan gəlib-gedən qonaqlarımı onun ziyarətinə gətirirəm. Özümü Yerbolun bacısı sayıram. Başqa cür ola bilməz axı. Mənim Vətənimin torpaqlarıının azadlığı uğrunda şəhid olan oğulun bacısı olmaq şərəf borcumdur!
    Baurum Yerbol, məni bacı kimi qəbul edirsənsə, bilirəm ki, sənin 20 yaşlı məzarın üstünə bizim digər şəhidlərimizin üstünə gətirilən toy-nişan xonşaları gətirilmədi. Səni oxşayıb-ağlayan olmadı. Səni, bizdən neçə min kilometr uzaqda olan doğmaların axtardı. Hər dəfə məzarının başına gələndə, səni bacı əvəzi oxşayıram. Həsrətli günlərini necə keçirdiyini soruşuram. Doğmalarının yuxularına qonaq gedib-getmədiyini bilmək istəyirəm. Anan Satkul sənin yanına kaytış boldımı? Bəs atan necə? İndi birlikdəsinizmi?
    Bu ilin aprel ayının 20-də qardaşın Nurbol, əminoğlu Yermek məzarını ziyarətə gəldilər. İndi məzarının üstündə ata yurdunda dəfn olunan ananın və atanın uyuduğu torpaqdan pay var. Torpaq ruhun daşıyıcısı, söz aparıb gətirənidir. İndi yəqin ki, ruhlar aləmində atan və ananla rahat danışa bilirsən. Yəqin ki, onlara deyirsən ki ana, gözlərim yollara baxa-baxa qalmışdı. Bilirdim ki, bir gün məni tapacaqsınız:

    Qəribəm ağrıyar başım,
    Ümmana döndü göz yaşım.
    Bəs hanı Nurbol qardaşım,
    Ana, mən Qəribəm, Qərib.


    II Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarını ziyarət edib, müqəddəs məkandan uzaqlaşdıq.
    XI Qlobal Bakı Forumuna gələn qonaqlarımız - Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse prezidenti Füzuli Məcidli elə Şəhidlər Xiyabanından hava limanına yola düşdülər.

    Qazaxlar, dünyadan əməli saleh insan köçəndə deyərlər ki, “kaytış boldı”. Yəni ki, gəldiyi yerə döndü. Axı insan Tanrı zərrəsidir. Yer üzünə göndərilir ki, yaxşı əməllərlə yaşasın. Yerbol qardaşım bizim igid oğlanlarımızla birlikdə Tanrı dərgahına kaytış bolıblar. Yerlərinin rahat olduğuna şübhə yox. Çünki məqamları ən uca məqamdır.

    Azərbaycan şəhidləri ilə eyni məkanda uyuan qazax xalqının qəhrəman oğlu Yerbol Barımbetovun doğmalarının da gözü yollardan yığılıb. Öz qardaşını ziyarət edib qayıdandan sonra, Nurbol Barımbetov Qazaxıstan mətbuatına müsahibə verərərk, qardaşının necə böyük məqama, hörmətə sahib olduğunu deyib.

    Qərib gedər iz itirər,
    Əlin xudaya götürər,
    Qərib ölsə kim götürər
    Ana mən qəribəm, qərib.
    Bacı mən qəribəm, qərib.


    Yerboldan 28 il xəbər olmayanda, doğmaları elə bilmişdilər ki, izi itib, tozu da yoxdur. Lakin Yerbol Barımbetovun da, Şəhidlər Xiyabanında uyuyan naməlum və qərib olan digər şəhidlərin də xatirəsi bizim üçün əzizdir.

    Mən inanıram ki, Yerbol Berimbetovun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi üçün mütləq hər hansı bir meydanın, küçənin adı veriləcək. Bu həm də Qazaxıstan və Azərbaycan dostluğunun əbədi simvoluna çevriləcək. Bir də xatırlatmaq istəyirəm ki, sağlığında Qarabağdakı erməni separatçılarına qarşı igidliklə döyüşən o qazax qəhrəmanı Yerbol Barımbetov Turexanulı Qazax və Kəlbəcər, Ağdərə uğrunda gedən döyüşlərdə həm də kəşfiyyatçı kimi xüsusilə seçilib.1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mükafatlandırılıb. Atəşkəs elan olunmasına az qalmış, 1994-cü ilin 20 aprelində Yerbol Barımbetov sonuncu döyüşündə yaralanaraq şəhid olur.
    Allah rəhmət eləsin!





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR